Monday, May 15, 2017

"NİDEM TAPMACASI". TEXNOLOGİYA PAYLANMASI VƏ İXTİRA EHTİMALI ƏYRİLƏRİ.

"Nidem tapmacası" (The Needham Puzzle) nədir?

13-cü əsrə Çin Britaniya kimi ölkələrin 18-ci əsrə qədər çata bilmədiyi texnologiyaya və sənayeyə sahib idi. Çinin qərb ölkələrindən əsrlər əvvəl sənaye inqilabı etmə potensialı var idi, amma edə bilmədi. 20-ci əsrdə Britaniya alimi Josef Nidem belə bir sualla bu vəziyyətin səbəbini öyrənməyə çalışdı: Keçmişdə Çin niyə digər ölkələrdən daha çox inkişaf etmişdi? Bəs niyə bu gün Çin geridə qalıb və o ölkələrdən öndə deyil?

Nidem tapmacasına cavab tapmaq üçün bir çox fərziyyələr irəli sürülmüşdür. Bir fərziyyəyə görə Çinin mühafizəkar mədəni kimliyi onun geri qalmasının səbəbkarı idi. Digər fərziyyəyə görə isə Çinin vahid bir ölkə olması səbəbiylə yaranan daxili rəqabət onu geri salırdı, qərbdə isə çox sayda kiçik ölkələr var idi. Amma Çin tarix boyunca da eyni mühafizəkar kimliyə sahib idi, həmçinin Çin güclü inkişaf yaşadığı dövrlərin bir çoxunda da vahid ölkə idi. Üçüncü bir fərziyyə Çində əqli mülkiyyət hüquqlarının qorunması sisteminin olmamasını səbəb göstərir, amma bunun sənaye inqilabında həlledici rolunun olub-olmaması sual altındadır, həmçinin digər nəzəriyyələr kimi Çinin tarixi inkişafını açıqlamır.

Bəs səbəb nə idi?

Nidem'in tapmacasının açıqlamasına keçmədən öncə "texnologiya paylanma əyrisi" və "ixtira ehtimalı əyrisi" ilə tanış olaq. (Qrafik 1.)
Qrafik 1.
Qrafikdə üfüqi xətt üzrə texnoloji inkişaf səviyyəsi, həmçinin istehsal miqdarı, şaquli xətt üzrə isə hər hansı bir istehsal həcminə çatmaq üçün tələb olunan istehsal faktorlarının bölüşdürülməsi, başqa sözlə istehsalın xərci göstərilib. Burada texnologiya dedikdə hər hansı bir istehsal prosesi üçün resursları bölüşdürmə metodları nəzərdə tutulur. Qrafik üzərindəki "A", "B", "C" nöqtələri, həmçinin əyrinin alt hissəsində qalan bütün nöqtələr müəyyən bir texnoloji inkişaf səviyyəsində, müəyyən bir resurs bölüşdürmə metodu ilə və ya istehsal xərci ilə əldə edə biləcəyimiz məhsul həcmini göstərir. Qrafikdə sağa getdikcə istehsalın miqdarı artır. Məsələn "A" və "C" nöqtələri eyni istehsal miqdarına çatmağı iki fərqli üsuludur, "C", "A" ilə müqayisədə daha az xərc tələb edən metoda sahibdir. "B" isə eyni qədər xərclə "A"dan daha çox məhsul istehsal edən nöqtədir, çünki B nöqtəsində daha yüksək texnologiya mövcuddur. Əyrinin yuxarısında qalan nöqtələr iqtisadiyyat üçün əlçatmaz olan nöqtələrdir. 

İxtira ehtimalı əyrisini də elə texnologiya paylanması əyrisi ilə eyni qrafik üzərindən izah etmək mümkündür. İxtira ehtimalı əyrisi nəzəriyyəsinin 3 əsas iddiası var.

Birincisi, müəyyən edilmiş bir texnologiya səviyyəsində yeni metodlar yoxlamaq üçün nə qədər çox cəhdlər olsa yeni bir şey kəşf etmə ehtimalı o qədər yüksək olur. Buna təcrübəyə əsaslanan ixtiralar deyilir.

İkincisi, müəyyən cəhd sayı üçün texnologiya paylanma əyrisinin nə qədər solunda olsanız, yeni bir şey kəşf etmə ehtimalınız o qədər yüksəkdir. Sağa getdikcə isə ehtimal azalır. Məsələn, "A" nöqtəsində ixtira etmə ehtimalı "B" nöqtəsindən daha çoxdur.

Üçüncüsü, müəyyən texnologiya səviyyəsi və müəyyən cəhd sayı üçün, texnologiya paylanma əyrisi sağa sürüşdükcə ixtira etmə ehtimalı artır. Texnologiya paylanma əyrisini bir neçə səbəb sağa sürüşdürə bilər. Məsələn, hansısa alimin şəxsi zəkasıyla etdiyi yeniliklər, elmi araşdırmalar və ya hansısa yeni materialın kəşf edilməsi. Misal üçün, tarixdə dəmirin kəşf edilməsi texnologiya paylanma əyrisini sağa sürüşdürmüş və bir çox yeni kəşf üçün şərait yaranmışdı.

Bu üç fikri Nidem tapmacasını açıqlamaq üçün istifadə edə bilərik.

Erkən dövrlərdə Çin əhalisinin çox olması sayəsində ciddi texnoloji inkişafa çatmışdı. Belə ki, insan sayının çox olması təsərrüfatdakı yeni cəhd sayını artırırdı. Cəhdlərin sayı artdıqca isə yeni texnoloji kəşflərin önü açılırdı.

Çinin şimali hissəsi işğal edildikdən sonra əhali ölkənin iqtisadi mərkəzini mərkəzi və cənub hissələrə daşımağa məcbur oldu. Çin əhalisi özünə yad olan, öyrəncəli olmadığı bir mühitə düşdü, yəni texnologiya paylanma əyrisinin solunda qərarlaşdı. Yeni bitkilərin əkini üçün çox ciddi texnoloji yeniliklər əldə edilməyə davam etdi.

Amma 18-ci əsrdən başlayaraq vəziyyət dəyişdi. Avropa ölkələri təsadüfi cəhdlərə əsaslanan ixtiralardan, qəsdli sınaqlara, elmi araşdırmalara əsaslanan ixtira sisteminə keçid etdi. Beləcə qərbin texnologiya paylanma əyrisi sağa sürüşməyə başladı. Çin ixtira sistemini dəyişməyi bacarmadı, çünki birincisi, Çin bürokratik ölkə idi, kapitalist dəyərlərin və müasir elmin formalaşması üçün əlverişli şərait yox idi. Avropada sənaye iri firmaların əlində idi, Çində isə kiçik təsərrüfatlardan ibarət rəqabətli bazar var idi. İri firmalar dövriyyələri çox yüksək olduğu üçün elmi araşdırmalara maliyyə ayıra bilirdilər, Çindəki kiçik ev təsərrüfatlarının isə buna yetəcək pulu yox idi. Bundan başqa, qərbdən fərqli olaraq Çinin ağıllı və parlaq gələcək vəd edən gəncləri elmə yönəlmək əvəzinə 10 ilə yaxın Konfutsi ideyalarının əks olunduğu kitabları oxuyaraq dövlət qulluğuna hazırlaşmağı üstün tuturdular, bu onlar üçün daha əlverişli idi. 

Beləliklə, tarix ərzində əhalisinin çoxluğu və ərazisinin genişliyi, müxtəlif iqlimlərə sahib olması sayəsində texnologiya lideri olan Çin, ixtiraların əsası təcrübələrdən sınaqlara keçdiyi vaxtdan etibarən gerilədi, Avropa isə sürətli inkişafa başladı.

Tuesday, August 2, 2016

Qəbələdə cəmi 2 otel var imiş (!)

Son günlərdə sosial şəbəkələrdə çox savadsızca və heç bir məntiqə uyğun olmayan bir yazı ilə rastlaşıram, "Kürdəmirə Qəbələdən çox turist gəlib".

Məqalənin iddiası budur ki, Qəbələyə 1 ildə cəmi 23 min turist gəlib və "2015-ci ildə Qəbələdə mehmanxaları seçən turistlərin içərisində 1 nəfər də olsun əcnəbi olmayıb." Həmçinin, Kürdəmirdəki turizm məkanlarının gəlirləri 1.3 milyon AZN olduğu halda Qəbələdə cəmi gəlir 300.000 AZN civarında olub.

Gəlin hesablayaq görək bu nə dərəcədə realdır.

Mən keçən il Qəbələdə 4 gün qalmışdım, adi otellərin birində. Otel hardasa 40-50 nəfərlik olardı. Və adam başına bir sutkalıq qalmaq üçün 50 AZN tələb olunurdu. Otelin isə demək olar ki, bütün yay boyu əksər nömrələri dolu olur. Əlavə olaraq da hər gün bir neçə saatlıq istirahət üçün 50-100 arası adam gəlirdi və təxmini 15-20 AZN xərcləyirdilər.

Tutaq ki, otelə qış boyunca heç kəs gəlməsə, təkcə 90 gün yay ərzində oteldə hər gün 25 nəfər olsa, və 50 AZN xaricində heç bir ödəniş etməsələr, 90 gün üçün bu 112500 AZN edir. Əlavə olaraq hər gün 50 nəfər hərəsi 10 AZN xərcləsə bu da 45000 AZN. Demək ki mənim qaldığım otelin illik gəliri ən az 157500 AZN olubmuş. Hələ mən nömrələrdə qalanların otel daxili xərcləmələrini nəzərə almıram.

Belə çıxır ki, ya Qəbələdə cəmi 2-3 otel var, ya da bu xəbəri yayan şəxs ağzına gələni danışır.

Təbii ki, burada gizlədilən statistikanın rolu da istisna edilmir, amma istənilən halda "iqtisadçı-ekspertin" belə danışması düzgün deyil. Daha əvvəl də dediyim kimi, iqtisadçı kağız üzərində yazılanı yox, real olanı analiz etməlidir.

Xarici turist məsələsinə qaldıqda isə, bu 4 gün ərzində məhz həmin oteldə 10a yaxın fars, 1-2 də avropalı görmüşdüm. Və otel işçilərinə "Qəbələdə o qədər otel var, bura niyə gəliblər ki görəsən?" sualı veriləndə, "Yaxşı otellərdə bütün nömrələr dolu olur" cavabını vermişdilər.

Azərbaycanda turizm tənqid edilməsi mütləq olan sahələrdəndir. Əsasən də qiymət bahalığına görə. Amma tənqid edəcəyəm deyib özünü gülünc vəziyyətə salmaq lazım deyil. 

© Müzəffər Abasov, 02.08.2016


Saturday, January 30, 2016

Azərbaycansayağı iqtisadiyyat

Bizə iqtisadiyyatı öyrədənlər demişdilər ki, iqtisadiyyat bir çox elmlərdən ideyalarınızı, fərziyyə və nəzəriyyələrinizi təcrübədən keçirmək üçün bir laboratoriyaya sahib olmamasıyla fərqlənir. Bir fərziyyənin doğru olub olmamasını yalnızca zaman və real həyatda olacaq nəticələr göstərə bilər. Bu isə çox risklidir.

Bazarda qiyməti görünməz əllər idarə edir, inflasiya qısa müddətli dövrdə işsizliyi azaldır, qiymət düşəndə tələb artır və s., bilirik. Bunlar dünya "laboratoriyası"nda sınaqdan keçmiş anlayışlardır. Bəs Azərbaycanda necə? Bütün dünyada müşahidə olunan iqtisadi qanunlar bizim ölkəmizdə də eynidir mi? Yoxsa hər şey kimi onu da özümüzə uyğunlaşdırmışıq, kəlləmayallaq etmişik? Misallara baxaq.


Sual belədir, böhran və ya durğunluq zamanı nə etməli?

İqtisad elmi deyir ki, dövlətin iqtisadiyyata qismən müdaxilə etdiyi iqtisadiyyatlarda durğunluq və ya böhran şəraitində olarkən genişləndirici (ekspansionar) siyasət həyata keçirilməlidir. Biz nə edirik? Daraldıcı siyasət. Məsələn:

1. Vergi siyasəti. Yuxarı vergi dolu büdcə demək deyil.
Durğunluq zamanı iqtisadiyyatı canlandırmaq üçün dövlət fiskal siyasətində dəyişiklik edir, vergiləri azaldır və güzəştlər tətbiq edir. Bununla da durğunluq zamanı kasıblamış və ya zərər edən sahibkarların vəziyyəti qismən yüngülləşir, həmçinin bazara yeni girmək istəyən sahibkarlar üçün stimul yaranır.

Azərbaycan sahibkarlara stimul vermək üçün bəzi tədbirlər həyata keçirdi, amma büdcəni doldurmaq xatirinə mənim fikrimcə böyük bir səhv etdi. Uzun illərdir neft gəlirlərinin böyük olması səbəbilə büdcə dolur, kiçik, orta və hətta bir çox iri sahibkarlar qanunsuz yollarla vergidən yayınmasına göz yumulurdu. İndi isə dövlət neft gəlirlərinin azalması ilə büdcədə yaranan boşluğu bağlamaq üçün sahibkarlara təzyiq göstərməyə, bu vaxta qədər göz yumduğu bəzi işlərin üstünü açmağa başladı. Nəticə? Onsuz da böhranda zəifləmiş sahibkar indi üstəlik vergi də verməlidir. Çarəni isə biznesdən çəkilməkdə tapır. Bu qərarları qəbul edənlərin anlamadıqları odur ki, sahibkar əgər mənfəət əldə edə biləcəksə, var olacaq və vergi verəcək. Bizim iqtisadi siyasət prinsiplərimiz real həyata yox, məktəb riyaziyyatına əsaslanır. "10 sahibkarın hərəsindən 10 manat vergi alsaq, edir 100 manat. Onda hərəsindən 50 manat vergi alaq 500 manat olsun." Kaş ki, "onda vergi 8 manat olsun, əlavə 5 sahibkar da gəlsin, etsin 120 manat" fikrində olardılar.

2. İnflasiya, qiymət artımı və bənzər məsələlər. İnflasiya düşmən deyil, dostdur.
İnflasiya, yəni qiymət artımı həddini aşmadıqda sahibkarlara stimul verir, onları biznesdə qalmağa, əlavə işçilər götürməyə, hətta yeni sahibkarların bazara daxil olmasına təkan verir. İstehsal artır, işsizlik azalır. Sözsüz ki, qısa müddət də olsa insanlar hər şeyi qismən baha qiymətə almalı olur, amma hər şeyin qiyməti qalxıbsa, demək bir müddət sonra əmək haqqları da qalxacaq, narahat olmağa səbəb yoxdur.

Amma həmən bu inflasiya bizim xalqımızın yaralı yeridir, həmişə hər şeyi "dədələrinin qiymətinə" satırlar, "pulun bərəkəti də qalmayıb", bəli, "şirvanın şirvan vaxtında" bu pula filan qədər ərzaq düşürdü. Amma insanlar təbii olaraq, inkişafın, uzunmüddətli dövrdə rifahın yaxşılaşmasının səbəbinin normasında olan inflasiya olduğunu bilmirlər. Bəs bilməli olanlar, bu işin əhli olan şəxslər də bilmir?

Neft qiymətləri düşür, manatımız dəyərini itirir, kasıbladığımızı, hər şeyin baha olacağını, amma eyni zamanda da yerli istehsalın artacağını bilirik, gec də olsa qeyri-neft sektorunun inkişafına ümidimiz yaranır. Amma dövlət nə edir? Sahibkarlara qiymət artımı etməmələri üçün şiddətli təzyiq göstərir. Razıyam, bizim sahibkarlar dünyanın ən rasional və yalnızca özlərini düşünən, ən azından bunun belə olduğuna inanan sahibkarlardır. Bu sahibkarlar 1990-cı il, Qanlı Yanvar gecəsinin səhəri çörəyin (çörəyin!!!) qiymətini 10 dəfəyə qədər qaldıran sahibkarlardır, gecə qırğından sonra bütün şəhəri heç bir qarşılıq ummadan al qərənfilə qərq edən saf qəlbli, irrasionallıqlarının (insanlıqlarının) qurbanı olub elə o illərdə itib batan sahibkarlar deyil bunlar. Amma istənilən halda bu süni (həqiqətən mi, süni?) qiymət artımnın qarşısını almaq hansısa broyler işçilərini həbs etmək olmamalıydı, qətiyyən. Onsuz da özümüzün istehsal etdiyimiz nadir məhsullardan biridi bu broyler toyuqları.

Bəs sahibkarlar nə edə bilərlər? Yaxşı tutaq ki. qiyməti artırmadılar. Bəs axı onsuz da 5-10% marjası olan yazıq mağaza sahibi indi devalvasiyanın da təsiriylə zərər edəcək. Məcbur olub vitrinlərini boş saxlayır. Onda da gəlib deyirlər ki, "sən süni şəkildə mal qıtlığı yaradırsan". Yenə son çarə biznesdən çəkilməkdir.

3. Qiymətlər. Aşağı qiymət az gəlir demək deyil. 
Məhsulunun yüksək keyfiyyəti və brendləriylə bazarda söz sahibi ola bilməyən ölkələr qiymət fatoruyla rəqabət qabiliyyəti əldə edirlər. Gürcüstan və Türkiyə buna gözəl misal ola bilər, xüsusən də turizm sektorunda olan uğurları.

Birinci devalvasiyanı edəndə dedik ki, ölkəmizin ixrac potensialını artırmaq məqsədi ilə edirik. Yaxşı, bəs turizm də bir ixrac deyil mi? Biz isə deyirik ki, devalvasiya nəticəsində turizm obyektlərinin qiyməti qalxsa, "bu bizə sərf edir". Əl yandıran otel qiymətlərinin aşağı salınması üçün bir tədbir görmürük. Axı biz illərdir ölkəmizin gözəlliklər diyarı olduğunu iddia edirik, xarici futbol klublarına sponsor oluruq, varlıq səbəbi mübahisə mövzusu olan idman yarışları keçiririk, bütün dünyaya "cənnət görmək istəyən Azərbaycana gəlsin" deyirik. Bizdəki bu qiymətləri görən potensial turist nə deyib gəlsin axı? Nəticə, turist sayı artmaq əvəzinə azalır, qoyulan investisiya hədər gedir.


Yekun.
Hər işdə, hər sahədə olduğu kimi biz iqtisadiyyatda da fərqliyik, amma yaxşı istiqamətdə yox. Buna bir çox səbəblər tapmaq olar. Amma xalq, insanlar və dünya səbəblərlə yox, nəticələrlə maraqlanır. Yuxarıda çəkdiyim misalların 3ü də iqtisadiyyatda normativ (olmalı olan) və pozitiv (reallıq) adlandırılan iki anlayışın arasında olan ziddiyətdən yaranıb. Kütlə bunu bilməyə bilər, amma iqtisadçılar və ən əsası da dövlət bunu bilməlidir. Normativləri yox, pozitivləri əsas götürməlidir.




30 Yanvar 2016, Müzəffər Abasov

Monday, January 11, 2016

Tələbat? Yoxsa gizli tələb?

İqtisadiyyatdan az çox anlayışı olan hər kəsin bildiyi iki termin: tələbat və tələb. Bunlar insanların bazardan istəklərinin fərqli formalarıdır. Tələbat şəxsin ehtiyacı olan, əldə etmək istədiyi; tələb isə şəxsin ehtiyacı olan, əldə etmək istədiyi və bunun üçün kifayət qədər vəsaiti olan şeylərdir. Zənnimcə aradakı fərq kifayət qədər aydındır.


Bəs tələbatı tələbə çevirmək mümkündür mü?

Yeni biznesə başlayarkən ilk verilən suallardan biri "bu insanlara lazımdır mı?" olur. Bəli, bu "tələbat"ın sualıdır. Bəs tutaq ki, insanların bu məhsula və yaxud servisə həqiqətən ehtiyacı var, amma bunun qarşılığında sizə verə biləcəkləri sizi qane etmir, onda necə? Bir filmdə deyildiyi kimi,"dönərin ən böyük müştərisi pişiklərdir, amma pulları yoxdur." 

Bu məsələni aydınlaşdırmaq üçün nəzəri fikirlər yerinə sizə real - əslində hər kəs üçün faydalı, amma bir çoxları tərəfindən "camaatı aldadırlar" deyə qiymətləndirilən bir nümunə göstərəcəyəm.

Bir neçə il bundan əvvələ qədər Azərbaycanın ucqar, şəhərə əli asan çatmayan kəndlərində əhalinin çox hissəsi güzəranını öz təsərrüfatlarının məhsulu ilə təmin edirdi. Belə kəndlər indi də var, amma əvvəlki illərlə müqayisədə çox azdır. Ona görə də hadisəni keçmiş zamanda izah edəcəyəm. Bu tip kəndlərin əhalisi duz, çay kimi ərzaqları və qeyri-ərzaq məshullarını rayonların mərkəzlərindən və ya kiçik kənd dükanlarından alırdılar, təbii ki bir qədər baha qiymətə. Alış-veriş üçün pulu isə öz məhsullarını şəhərdən gələn "alverçilərə" ucuz qiymətə sataraq əldə edirdilər. Aşağıda situasiyanı konkret formada izah edəcəyəm.

Tutaq ki, toyuq saxlayan kəndliyə vedrə lazımdır. Kəndlinin həyətindəki toyuğu şəhərdən gələn alverçi 5 AZNə alır və daha baha (məsələn 10 AZN) satmaq üçün Bakıya aparır. Rayon mərkəzində isə kəndlinin ehtiyacı olan vedrə 10 AZN, daha kiçik və az yararlı vedrə isə 5 AZNdir. Deməli, kəndlinin tələbatı böyük vedrə, tələbi isə kiçik vedrə idi və məcburiyyətdən kiçik vedrəni alır. Nəticə belə olur:
Kəndli: bir toyuq satıb əvəzinə kiçik bir vedrə alır. Tələbatını ödəyə bilmir. 
Alverçi: 10 AZN - 5 AZN = 5 AZN mənfəət əldə edir.

Bir müddət sonra toyuq alverçisi olan şəxs kəndlinin vedrə ehtiyacını anlayır. Və öz biznesinin formasını bir qədər dəyişir: Rayon mərkəzində 10 AZNə satılan vedrəni şəhərdə ucuz satıldığı bir yerdən (adətən Binə bazarından) 3 AZNə alır. Və onu kəndə gətirərək kəndliyə toyuq qarşılığında təklif edir. Artıq böyük vedrə kəndlinin tələbatı yox, tələbidir. Toyuğu yenə eyni qaydada aparıb Bakıda satır. Bu alış verişin nəticəsi isə belə olur:

Kəndli: bir toyuq verib əvəzinə böyük bir vedrə alır. Tələbatını ödəyir. Başqa sözlə 5 AZN mənfəət qazanmış olur. *
Alverçi: 10 AZN - 3 AZN = 7 AZN mənfəət əldə edir.

Göründüyü kimi hər iki tərəf əvvəlkindən daha çox qazanmış oldu. Və kəndlinin tələbatı tələbə çevrildi. Ola bilər ki, bütün məhsulların Binə bazarı ilə rayondakı qiymət fərqi bu biznesə uyğun olmasın. Amma bu biznes faktiki olaraq uzun illər işləyirdi və bəlkə bəzi regionlarda hələ də davam edir. O alverçilər bəlkə heç özləri də bilmədən bu cür uzun uzadı izah tələb edən bir şeyə - tələbatı tələbə çevirməyə nail olublar. 

Nəticə: Tələbat üzə çıxarılması mümkün olan gizli tələbdir.


Əgər yazının bu qədər hissəsi sizə kifayət etdisə, oxumağı dayandıra bilərsiniz. Amma davam etsəniz başqa bir faktla üzləşəcəksiniz.

Bəs bu biznes bazarda və ya iqtisadiyyatda nə kimi dəyişiklik yaratdı? Çox dərinə getmədən, səthi də olsa bunu ssenariyə daha iki oyunçunu əlavə etməklə axtarmağa çalışaq: rayon mərkəzində vedrə satan şəxs və Bakıda vedrə satan şəxs.

Adi situasiyada vəziyyət necə olur:
Kəndli: bir toyuq verib əvəzinə kiçik bir vedrə alır.  
Alverçi: 10 AZN - 5 AZN = 5 AZN mənfəət əldə edir.
Rayonda vedrə satan: 5 AZN mənfəət qazanır. **
Bakıda vedrə satan: 0 AZN mənfəət qazanır. 
Cəmi mənfəət: 10 AZN

Tələbat tələbə çevrildikdən sonra isə:
Kəndli: .... 5 AZN mənfəət qazanmış olur. *
Alverçi: 10 AZN - 3 AZN = 7 AZN mənfəət əldə edir.
Rayonda vedrə satan: 0 AZN mənfəət əldə edir.
Bakıda vedrə satan: 3 AZN mənfəət əldə edir. ***
Cəmi mənfəət: 15 AZN

Aradakı 5 AZN mənfəət fərqi tələbatın tələbə çevrilməsi ilə yaranan qazancdır. Başqa sözlə kəndli üçün kiçik vedrə ilə böyük vedrə arasındakı dəyər fərqidir. Əslində isə rayon bazarında vedrə satan şəxs biz almasaq belə o vedrəni başqasına satacaq, Bakıdakı isə biz ondan aldığımız üçün başqa kimsəyə sata bilməyəcək və s. Ona görə də dərinə getdikcə anlaşılır ki, faktiki olaraq iqtisadiyyatda heç bir dəyişiklik olmayıb, qısacası, toplananlarn yerini dəyişəndə cəm dəyişməz. Amma hadisəyə alverçi və kəndlinin nəzərindən yanaşdıqda bu çox əlverişli bir yerdəyişmədir. 


Qeydlər:

* Kəndli üçün vedrələrin qiyməti rayon bazarındakı qiymətdir. Dünən əgər bir toyuğa 5 AZNlik vedrə ala bilirdisə, bu gün 10 AZNlik vedrə aldı, yəni toyuğunu 5 AZN baha satmış oldu. 
** Hesablama aydın olsun deyə vedrənin xərci 0 olaraq götürülüb. Amma onsuz da vedrə kimdənsə alınıb və o "xərc" başqa kimsələrin mənfəətlərindən ibarətdir. Ona görə də yekun nəticə dəyişmir. 
*** Hesablama aydın olsun deyə vedrənin xərci 0 olaraq götürülüb. Amma onsuz da vedrə kimdənsə alınıb və o "xərc" başqa kimsələrin mənfəətlərindən ibarətdir. Ona görə də yekun nəticə dəyişmir. 

Yazıda anlaşılmaz qalan hər hansı hissə barədə sual verə bilərsiniz. 


Müzəffər Abasov, 11.01.2016

Tuesday, September 15, 2015

Devalvasiya - "Vızıltı"dan sonra

Bütün dünyada, bütün sahələrdə - istər gündəlik həyatda, istər biznesdə, istər dövlət idarəçiliyində - hər hansı dəyişiklik və ya yenilik qısa zaman intervalında hər kəs tərəfindən danışılır, bütün cəmiyyətin diqqətini cəlb edir, mövzu barədə informasiyası olan, olmayan hər kəs "nəsə bilir", proqnozlar, şərhlər verir, cürbəcür məntiqli və ya məntiqsiz şaiyələr yayılır. Bu zaman intervalında baş verənlər "buzz", bizim dildə desək, "vızıltı" adlandırılır.

Yadınızdadırsa, fevral ayında Mərkəzi Bank gözlənilməz kəskin devalvasiya qərarı verdikdən sonra bir müddət hamı, mediadan dövlət nümayəndələrinə, iqtisadçılardan adi vətəndaşlara qədər hamı bu mövzunu müzakirə edirdi. "Vızıltı" müddəti bitdikdən sonra isə ("After the buzz") demək olar ki, hər şey unuduldu. İndi isə mən Azərbaycanda devalvasiyadan bu yana baş verənlər - devalvasiyanın real nəticələri barədə yazacağam.

Devalvasiya səbəbi ilə ölkədə kəskin qiymət artımı yaşanacağı barədə proqnozlar özünü doğrultmadı. Yalnızca birbaşa xaricdən son istifadəçi üçün hazır olaraq gələn əmtəələrin (mobil telefonlar, dərmanlar və s.) qiyməti devalvasiyanın faizinə uyğun olaraq artdı. Azərbaycanın idxaldan asılılığını və yerli istehsalın aşağı səviyyədə olmasını nəzərə aldıqda yüksək inflasiya qaçılmaz idi. Dövlətin vəziyyətə müdaxiləsi ilkin mərhələdə süni qiymət artımının qarşısını çox böyük ölçüdə aldı. İstənilən halda, bu il üçün hazırki 3.7%lik illik inflasiya (Qrafik 1) və 5.83%lik illik ərzaq inflasiyası (Qrafik 2) (İyul, 2015) son 3 ilin ən yüksək göstəriciləridir.

Qrafik 1. İnflasiya
Qrafik 2. Ərzaq inflasiyası
Gözlənilənin əksinə, xüsusən ərzaq məhsullarında, qiymət artımının baş verməməsinin əsas səbəbi isə dünyada ərzaq məhsullarının qiymətindəki eniş oldu. Məsələn, ötən ilin avqust ayında 198.3 olan FAO (Ərzaq və Kənd Təsərrüfatı) indeksi bu ilin avqust ayında 155.7 səviyyəsinə qədər enib. (~21%) Bu isə o deməkdir ki, idxal olunan məhsulların qiymətlərindəki eniş devalvasiya sonrasında sahibkarlara çox böyük itki yaşamadan qiymətləri sabit saxlamağa və ya cüzi artırmağa imkan verib.

Digər bir səbəb isə, Azərbaycanın əmtəə idxal etdiyi ölkələrdən bəzilərinin də devalvasiyaya getməsi oldu.

Bəs bu nə dərəcədə müsbət bir hal kimi qiymətləndirilə bilər? Azərbaycan neftin qiymətindəki kəskin düşüşdən sonra həm büdcə kəsirini daha az xərclə bağlamaq, həm də  uzunmüddətli dövrdə ölkə iqtisadiyyatını xammal asılılığından qurtarmaq üçün kəskin devalvasiyaya getdi. Nəzəri olaraq, devalvasiya ölkədəki xarici məhsulun qiymətini artırmalı, idxal baha başa gəlməli, ixraca stimul yaranmalı, insanlar yerli məhsul istehsal və istehlak etməyə üz tutmalı və beləcə iqtisadiyyat şaxələnməli, idxaldan asılılıq azalmalı idi. Hal-hazırki şəraitdə isə bu saydıqlarımın heç biri mümkün görünmür, qiymətlər artmadı, idxal baha başa gəlmir, qonşu ölkələrə ixrac üçün əlavə stimul yaranmadı. Qısacası, inflasiya yoxdursa, inkişaf da yoxdur.

Sunday, July 26, 2015

Makroiqtisadi Multiplikatorlar

Multiplikator nədir?
Makroiqtisadiyyatda multiplikator bir dəyişənin (tutaq ki, Y) kənar bir dəyişəndə (tutaq ki, X) olan artma və azalmalara hansı dərəcədə qarşılıq verdiyini göstərən əmsaldır. Başqa sözlə, X dəyişəninin a vahid dəyişməsi ilə Y dəyişəni Mxa vahid dəyişirsə, burada M multiplikator sayılır.

Makroiqtisadi multiplikatorların 2 ən çox bilinən növü var. Bunlar "Pul multiplikatoru" və "Fiskal multiplikator"dur.

Pul multiplikatoru nədir?
Bu suala cavab vermək üçün əvvəlcə kommersiya banklarının necə "pul yaratdığını" başa düşmək lazımdır. Banklar fiziki və hüquqi şəxslərin pulunu depozit olaraq qəbul edirlər və təbii ki, bu pulu öz kassalarında saxlamır və digər fiziki və hüquqi şəxslərə kredit şəklində verirlər.  Əgər bir kommersiya bankı qəbul etdiyi depozitin hamısını kredit şəklində versə və bu zaman depozit sahibləri də öz pullarını geri tələb etsələr, bank iflasa uğrayacaq. Bunun qarşısının alınması üçün banklar öz kassalarında və ya Mərkəzi Bankda Mərkəzi Bank tərəfindən müəyyən edilmiş "Məcburi Ehtiyat" saxlayırlar. Məcburi Ehtiyat norması faizlə göstərilir və kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin Mərkəzi Bankda məcburi saxlanılan hissəsidir. (Link

Tutaq ki, bir ölkədə Məcburi Ehtiyat norması 20% təşkil edir. Bu o deməkdir ki, bank qəbul etdiyi bütün depozitlərin 20%ni ehtiyat olaraq saxlamalıdır. Məsələn, X adlı şəxs A adlı banka 1000 dollar depozit yatırır. A bankı 200 dollar ehtiyat saxlayaraq qalan 800 dolları Y adlı şəxsə kredit şəklində verir. X-in hələ də 1000 dolları var, amma artıq Y-in də 800 dolları var, hansı ki, bu 800 dollar kredit verilənədək mövcud deyildi. Beləcə A bankı iqtisadiyyatdakı pul kütləsini 800 dollar artırmış oldu. Y adlı şəxsə verilən 800 dollar müəyyən bir vaxt ərzində iqtisadiyyatda dövr edib B bankına depozit olaraq daxil olur. Öz növbəsində B bankı da bu 800 dolların 20%-ni (160 dollar) ehtiyat saxlayaraq qalan 640 dolları Z adlı şəxsə kredit şəklində verir və iqtisadiyyatda yenə də "heç nə"dən 640 dollar pul yaranmış olur. Eyni proses təkrarlanır və ilkin 1000 dollar pul sonsuz sayda kommersiya bankına depozit olaraq daxil olur və müəyyən bir hissəsi saxlanmaqla kredit şəklində bankı tərk edir. İlkin 1000 dolların 20% məcburi ehtiyat norması olduğu halda yarada biləcəyi maksimal məbləğ isə özü də daxil olmaqla 5000 dollardır. Başqa sözlə, ilkin 1000 dollar depozit iqtisadiyyatdakı pul kütləsini "heç nə"dən 4000 dollar artıra bilər.

$5000/$1000 = 5 isə sözü gedən iqtisadiyyatdakı PUL MULTİPLİKATORUdur. Yəni haqqında danışılan iqtisadiyyatda banka qoyulan depozitlər özlərinin 5 qatı qədər pul yaratmaq potensialına malikdirlər. Pul multiplikatoru 1/(Məcburi Ehtiyat norması) düsturu ilə hesablanır. Yəni bizim nümunəmizdə     1/20% = 1/0.2 = 5

Azərbaycanda Məcburi Ehtiyat norması 2015-ci ilin mart ayında verilən qərara əsasən 0.5% təşkil edir. Yəni, ölkəmiz üçün pul multiplikatorunun hesablanması bu cür olacaq: 1/0.5% = 1/0.005 = 200
Başqa sözlə bu gün sizin banka qoyduğunuz 1000 manat uzun bir dövr ərzində iqtisadiyyatda 200 min manata çevrilə bilər. 

Məcburi Ehtiyat norması və pul multiplikatoru həmçinin Milli Bankın ən çox istifadə etdiyi 3 pul siyasəti alətindən biridir. (Digər ikisi Açıq Bazar Əməliyyatları və Uçot dərəcəsi) Milli Bank iqtisadiyyata təkan vermək istədikdə Məcburi Ehtiyat normasını azaldaraq pul multiplikatorunun yüksəlməsinə səbəb olur və bankların kredit vermə qabiliyyəti artmış olur. İqtisadiyyatı sakitləşdirmək istədikdə isə, əksinə. 



Fiskal Multiplikator nədir?
Dövlət illik Ümumi Daxili məhsulun həcmini və ümumilikdə iqtisadiyyatı nəzarətdə saxlamaq üçün vergi faizlərində və dövlət xərcləmələrinin miqdarında mütəmadi dəyişikliklər edir. Bu dəyişikliklərin iqtisadiyyatda və ÜDM-də öz əksini necə tapmasını Fiskal Multiplikator müəyyən edir. Fiskal multiplikatorun bir növü isə dövlət xərclərinin dəyişməsinin Ümumi Daxili Məhsulun həcminə təsir gücünü göstərir

Aydın məsələdir ki, istər hüquqi istərsə də fiziki şəxslər öz gəlirlərinin hamısını xərcləmirlər. Müəyyən bir hissəsi "yığım" (qənaət) olaraq saxlanır, qalanı isə "istehlak"a yönəlir. Ümumi gəlirin yığıma ayrılan hissəsi "Yığıma Son Meyillilik" (YSM) (Marginal Propensity to Save), istehlaka ayrılan hissəsi isə "İstehlaka Son Meyillilik" (İSM) (Marginal Propensity to Consume) adlanır. YSM və İSM hər bir ölkə üçün ortalama olaraq faizlə müəyyən olunur.

Tutaq ki, bir ölkədə YSM 20%-dir. Bu o deməkdir ki, hər bir hüquqi və fiziki şəxs öz gəlirlərinin 20%-ni saxlayır, 80%-ni xərcləyir. Misalı davam edək. Tutaq ki, dövlət öz xərclərini 1.000.000 dollar artırmaq qərarına gəldi və A adlı inşaat şirkəti ilə körpü tikintisi üçün razılaşma əldə etdi. Nəzərdə tutulan 1 milyon dolları şirkətin hesabına köçürdü. Beləcə ölkənin ÜDM-i 1.000.000 dollar artmış oldu. Şirkət bu məbləğin 20%-ni, yəni 200.000 dolları yığım olaraq saxlayıb, qalan 800.000 dollarla B adlı cihaz istehsal edən şirkərdən tikinti qurğuları aldı. ÜDM daha 800.000 dollar artdı. B adlı şirkət də öz növbəsində 800.000 dolların 20%-ni, yəni 160.000 dolları saxlayaraq qalan 640.000 dolları yeni şirkət binası almaq üçün C adlı şirkətə ödədi, ÜDM 640.000 dollar artdı. Bu, beləcə sonsuz sayda təkrarlanır. YSM-in 20% olması halında dövlət xərclərində olan  milyon dollarlıq artım ÜDM-də öz əksini 5.000.000 dollar şəklində tapmaq potensialına sahibdir. Yəni, bu nümunədə FİSKAL MULTİPLİKATOR $5.000.000/$1.000.000 = 5 olacaq. Fiskal Multiplikator 1/YSM və yaxud 1/(1-İSM) düsturları ilə hesablanır. Yəni, YSM 5% olarsa multiplikator 20, 10% olarsa multiplikator 10, nümunəmizdə olduğu kimi 20% olarsa multiplikator 5 olacaq.

Tuesday, February 24, 2015

Manatın devalvasiyası haqqında

Postsovet ölkələri 20-ci əsrin 90cı illərində müstəqillik əldə etsələrdə, iqtisadi cəhətdən hələ də Rusiyadan asılıdı vəziyyətdədirlər, Azərbaycan da daxil olmaqla. İstər  idxal istərsə də ixrac baxımından Azərbaycanın Rusiyadan müəyyən bir səviyyədə asılılığı var. Regionda hegemonluğu olan bir dövlətin ( həmçinin iqtisadi hegemonluq) iqtisadiyyatında baş verən "çalxalanma" əlbəttə ki, Azərbaycana da təsir etməlidir. Rusiya ölkənin əsas ixrac bazarı olduğu üçün rus rublu devalvasiyaya məruz qalarkən , manatın dəyər itirməməsi Azərbaycan məhsullarının Rusiya bazarında baha qiymətə satılmasına səbəb olur.  Təkcə bu səbəbdən ( rus rublu dollar qarşısında devalvasiya olarkən, manatın sabit qalması) ötən ilin 3cü və 4cü rübləri arasında ixracın 33% azalmasına səbəb olmuşdur. Onsuz da ixracda qeyri-neft sektoru cəmi 5% faiz təşkil edirdisə, bu proseslər nəticəsində bu rəqəm bir qədər də azalmağa doğru gedirdi. və bunlara cavab olaraq və ya onların dili ilə desək "ölkə iqtisadiyyatını şaxələndirmək üçün" devalvasiya məcburi bir addım idi.
 Digər tərəfdən   hökumətin bu ilki planına əsasən Neft Fondundan 15 milyard dollar xərcləmə nəzərdə tutulur. Ancaq neftin barreli 50 dollara bərabər olduğu halda fondun gəlirlər ötən ilki rəqəmdən (16.3 milyard) dəfələrlə aşağı olacaq (4.7 milyard)  (Mənbə:Qubad İbadoğlu,Tipik-İqtisadçı Ekspert) Onsuz da gəlirinin bir hissəsindən məhrum olmuş dövlət, manatın məzənnəsini stabil saxlamaq üçün istifadə etdiyi "xərclərdən" də xilas olmalı idi. (  belə ki , ötən ilin dekabr ayında Mərkəzi Bank manatın dəyərini qorumaq üçün rezervin 8 faizini yəni 1.2 milyard dollar pul xərcləyib)

Manatın devalvasiyası nəzəriyyə baxımından ixracı artırmalıdır,necə ki Türkiyə və Çin öz valyutalarını devalvasiya edərək ixraclarını artırıblar. İxrac bizdə artacaq mı bu əsas sualdır

Amma dəqiq olan bir şey var, istər qida məhsulları istərsə də elektrotexnika, iynədən təyyarəyədək hər şeyi idxal edən bir ölkə üçün devalvasiya etmək çox təhlükəlidir. Qiymət bahalaşması və ya proqnoz edilən inflyasiya dərəcəsi üstəgəl süni qiymət artımı, yanvar ayından qüvvəyə minən yeni vergilər həmçinin artırılan vergilər bütün bunların qarışığının nə verəcəyi çox maraqlıdır. Proqnoz etmək çətindir, Azərbaycan iqtisadiyyatı üçünsə demək olar ki, mümkün deyil, Özünüz düşünün gecə yatırsız, səhər duranda valyuta 34% devalvasiya edib :)