Saturday, January 30, 2016

Azərbaycansayağı iqtisadiyyat

Bizə iqtisadiyyatı öyrədənlər demişdilər ki, iqtisadiyyat bir çox elmlərdən ideyalarınızı, fərziyyə və nəzəriyyələrinizi təcrübədən keçirmək üçün bir laboratoriyaya sahib olmamasıyla fərqlənir. Bir fərziyyənin doğru olub olmamasını yalnızca zaman və real həyatda olacaq nəticələr göstərə bilər. Bu isə çox risklidir.

Bazarda qiyməti görünməz əllər idarə edir, inflasiya qısa müddətli dövrdə işsizliyi azaldır, qiymət düşəndə tələb artır və s., bilirik. Bunlar dünya "laboratoriyası"nda sınaqdan keçmiş anlayışlardır. Bəs Azərbaycanda necə? Bütün dünyada müşahidə olunan iqtisadi qanunlar bizim ölkəmizdə də eynidir mi? Yoxsa hər şey kimi onu da özümüzə uyğunlaşdırmışıq, kəlləmayallaq etmişik? Misallara baxaq.


Sual belədir, böhran və ya durğunluq zamanı nə etməli?

İqtisad elmi deyir ki, dövlətin iqtisadiyyata qismən müdaxilə etdiyi iqtisadiyyatlarda durğunluq və ya böhran şəraitində olarkən genişləndirici (ekspansionar) siyasət həyata keçirilməlidir. Biz nə edirik? Daraldıcı siyasət. Məsələn:

1. Vergi siyasəti. Yuxarı vergi dolu büdcə demək deyil.
Durğunluq zamanı iqtisadiyyatı canlandırmaq üçün dövlət fiskal siyasətində dəyişiklik edir, vergiləri azaldır və güzəştlər tətbiq edir. Bununla da durğunluq zamanı kasıblamış və ya zərər edən sahibkarların vəziyyəti qismən yüngülləşir, həmçinin bazara yeni girmək istəyən sahibkarlar üçün stimul yaranır.

Azərbaycan sahibkarlara stimul vermək üçün bəzi tədbirlər həyata keçirdi, amma büdcəni doldurmaq xatirinə mənim fikrimcə böyük bir səhv etdi. Uzun illərdir neft gəlirlərinin böyük olması səbəbilə büdcə dolur, kiçik, orta və hətta bir çox iri sahibkarlar qanunsuz yollarla vergidən yayınmasına göz yumulurdu. İndi isə dövlət neft gəlirlərinin azalması ilə büdcədə yaranan boşluğu bağlamaq üçün sahibkarlara təzyiq göstərməyə, bu vaxta qədər göz yumduğu bəzi işlərin üstünü açmağa başladı. Nəticə? Onsuz da böhranda zəifləmiş sahibkar indi üstəlik vergi də verməlidir. Çarəni isə biznesdən çəkilməkdə tapır. Bu qərarları qəbul edənlərin anlamadıqları odur ki, sahibkar əgər mənfəət əldə edə biləcəksə, var olacaq və vergi verəcək. Bizim iqtisadi siyasət prinsiplərimiz real həyata yox, məktəb riyaziyyatına əsaslanır. "10 sahibkarın hərəsindən 10 manat vergi alsaq, edir 100 manat. Onda hərəsindən 50 manat vergi alaq 500 manat olsun." Kaş ki, "onda vergi 8 manat olsun, əlavə 5 sahibkar da gəlsin, etsin 120 manat" fikrində olardılar.

2. İnflasiya, qiymət artımı və bənzər məsələlər. İnflasiya düşmən deyil, dostdur.
İnflasiya, yəni qiymət artımı həddini aşmadıqda sahibkarlara stimul verir, onları biznesdə qalmağa, əlavə işçilər götürməyə, hətta yeni sahibkarların bazara daxil olmasına təkan verir. İstehsal artır, işsizlik azalır. Sözsüz ki, qısa müddət də olsa insanlar hər şeyi qismən baha qiymətə almalı olur, amma hər şeyin qiyməti qalxıbsa, demək bir müddət sonra əmək haqqları da qalxacaq, narahat olmağa səbəb yoxdur.

Amma həmən bu inflasiya bizim xalqımızın yaralı yeridir, həmişə hər şeyi "dədələrinin qiymətinə" satırlar, "pulun bərəkəti də qalmayıb", bəli, "şirvanın şirvan vaxtında" bu pula filan qədər ərzaq düşürdü. Amma insanlar təbii olaraq, inkişafın, uzunmüddətli dövrdə rifahın yaxşılaşmasının səbəbinin normasında olan inflasiya olduğunu bilmirlər. Bəs bilməli olanlar, bu işin əhli olan şəxslər də bilmir?

Neft qiymətləri düşür, manatımız dəyərini itirir, kasıbladığımızı, hər şeyin baha olacağını, amma eyni zamanda da yerli istehsalın artacağını bilirik, gec də olsa qeyri-neft sektorunun inkişafına ümidimiz yaranır. Amma dövlət nə edir? Sahibkarlara qiymət artımı etməmələri üçün şiddətli təzyiq göstərir. Razıyam, bizim sahibkarlar dünyanın ən rasional və yalnızca özlərini düşünən, ən azından bunun belə olduğuna inanan sahibkarlardır. Bu sahibkarlar 1990-cı il, Qanlı Yanvar gecəsinin səhəri çörəyin (çörəyin!!!) qiymətini 10 dəfəyə qədər qaldıran sahibkarlardır, gecə qırğından sonra bütün şəhəri heç bir qarşılıq ummadan al qərənfilə qərq edən saf qəlbli, irrasionallıqlarının (insanlıqlarının) qurbanı olub elə o illərdə itib batan sahibkarlar deyil bunlar. Amma istənilən halda bu süni (həqiqətən mi, süni?) qiymət artımnın qarşısını almaq hansısa broyler işçilərini həbs etmək olmamalıydı, qətiyyən. Onsuz da özümüzün istehsal etdiyimiz nadir məhsullardan biridi bu broyler toyuqları.

Bəs sahibkarlar nə edə bilərlər? Yaxşı tutaq ki. qiyməti artırmadılar. Bəs axı onsuz da 5-10% marjası olan yazıq mağaza sahibi indi devalvasiyanın da təsiriylə zərər edəcək. Məcbur olub vitrinlərini boş saxlayır. Onda da gəlib deyirlər ki, "sən süni şəkildə mal qıtlığı yaradırsan". Yenə son çarə biznesdən çəkilməkdir.

3. Qiymətlər. Aşağı qiymət az gəlir demək deyil. 
Məhsulunun yüksək keyfiyyəti və brendləriylə bazarda söz sahibi ola bilməyən ölkələr qiymət fatoruyla rəqabət qabiliyyəti əldə edirlər. Gürcüstan və Türkiyə buna gözəl misal ola bilər, xüsusən də turizm sektorunda olan uğurları.

Birinci devalvasiyanı edəndə dedik ki, ölkəmizin ixrac potensialını artırmaq məqsədi ilə edirik. Yaxşı, bəs turizm də bir ixrac deyil mi? Biz isə deyirik ki, devalvasiya nəticəsində turizm obyektlərinin qiyməti qalxsa, "bu bizə sərf edir". Əl yandıran otel qiymətlərinin aşağı salınması üçün bir tədbir görmürük. Axı biz illərdir ölkəmizin gözəlliklər diyarı olduğunu iddia edirik, xarici futbol klublarına sponsor oluruq, varlıq səbəbi mübahisə mövzusu olan idman yarışları keçiririk, bütün dünyaya "cənnət görmək istəyən Azərbaycana gəlsin" deyirik. Bizdəki bu qiymətləri görən potensial turist nə deyib gəlsin axı? Nəticə, turist sayı artmaq əvəzinə azalır, qoyulan investisiya hədər gedir.


Yekun.
Hər işdə, hər sahədə olduğu kimi biz iqtisadiyyatda da fərqliyik, amma yaxşı istiqamətdə yox. Buna bir çox səbəblər tapmaq olar. Amma xalq, insanlar və dünya səbəblərlə yox, nəticələrlə maraqlanır. Yuxarıda çəkdiyim misalların 3ü də iqtisadiyyatda normativ (olmalı olan) və pozitiv (reallıq) adlandırılan iki anlayışın arasında olan ziddiyətdən yaranıb. Kütlə bunu bilməyə bilər, amma iqtisadçılar və ən əsası da dövlət bunu bilməlidir. Normativləri yox, pozitivləri əsas götürməlidir.




30 Yanvar 2016, Müzəffər Abasov

Monday, January 11, 2016

Tələbat? Yoxsa gizli tələb?

İqtisadiyyatdan az çox anlayışı olan hər kəsin bildiyi iki termin: tələbat və tələb. Bunlar insanların bazardan istəklərinin fərqli formalarıdır. Tələbat şəxsin ehtiyacı olan, əldə etmək istədiyi; tələb isə şəxsin ehtiyacı olan, əldə etmək istədiyi və bunun üçün kifayət qədər vəsaiti olan şeylərdir. Zənnimcə aradakı fərq kifayət qədər aydındır.


Bəs tələbatı tələbə çevirmək mümkündür mü?

Yeni biznesə başlayarkən ilk verilən suallardan biri "bu insanlara lazımdır mı?" olur. Bəli, bu "tələbat"ın sualıdır. Bəs tutaq ki, insanların bu məhsula və yaxud servisə həqiqətən ehtiyacı var, amma bunun qarşılığında sizə verə biləcəkləri sizi qane etmir, onda necə? Bir filmdə deyildiyi kimi,"dönərin ən böyük müştərisi pişiklərdir, amma pulları yoxdur." 

Bu məsələni aydınlaşdırmaq üçün nəzəri fikirlər yerinə sizə real - əslində hər kəs üçün faydalı, amma bir çoxları tərəfindən "camaatı aldadırlar" deyə qiymətləndirilən bir nümunə göstərəcəyəm.

Bir neçə il bundan əvvələ qədər Azərbaycanın ucqar, şəhərə əli asan çatmayan kəndlərində əhalinin çox hissəsi güzəranını öz təsərrüfatlarının məhsulu ilə təmin edirdi. Belə kəndlər indi də var, amma əvvəlki illərlə müqayisədə çox azdır. Ona görə də hadisəni keçmiş zamanda izah edəcəyəm. Bu tip kəndlərin əhalisi duz, çay kimi ərzaqları və qeyri-ərzaq məshullarını rayonların mərkəzlərindən və ya kiçik kənd dükanlarından alırdılar, təbii ki bir qədər baha qiymətə. Alış-veriş üçün pulu isə öz məhsullarını şəhərdən gələn "alverçilərə" ucuz qiymətə sataraq əldə edirdilər. Aşağıda situasiyanı konkret formada izah edəcəyəm.

Tutaq ki, toyuq saxlayan kəndliyə vedrə lazımdır. Kəndlinin həyətindəki toyuğu şəhərdən gələn alverçi 5 AZNə alır və daha baha (məsələn 10 AZN) satmaq üçün Bakıya aparır. Rayon mərkəzində isə kəndlinin ehtiyacı olan vedrə 10 AZN, daha kiçik və az yararlı vedrə isə 5 AZNdir. Deməli, kəndlinin tələbatı böyük vedrə, tələbi isə kiçik vedrə idi və məcburiyyətdən kiçik vedrəni alır. Nəticə belə olur:
Kəndli: bir toyuq satıb əvəzinə kiçik bir vedrə alır. Tələbatını ödəyə bilmir. 
Alverçi: 10 AZN - 5 AZN = 5 AZN mənfəət əldə edir.

Bir müddət sonra toyuq alverçisi olan şəxs kəndlinin vedrə ehtiyacını anlayır. Və öz biznesinin formasını bir qədər dəyişir: Rayon mərkəzində 10 AZNə satılan vedrəni şəhərdə ucuz satıldığı bir yerdən (adətən Binə bazarından) 3 AZNə alır. Və onu kəndə gətirərək kəndliyə toyuq qarşılığında təklif edir. Artıq böyük vedrə kəndlinin tələbatı yox, tələbidir. Toyuğu yenə eyni qaydada aparıb Bakıda satır. Bu alış verişin nəticəsi isə belə olur:

Kəndli: bir toyuq verib əvəzinə böyük bir vedrə alır. Tələbatını ödəyir. Başqa sözlə 5 AZN mənfəət qazanmış olur. *
Alverçi: 10 AZN - 3 AZN = 7 AZN mənfəət əldə edir.

Göründüyü kimi hər iki tərəf əvvəlkindən daha çox qazanmış oldu. Və kəndlinin tələbatı tələbə çevrildi. Ola bilər ki, bütün məhsulların Binə bazarı ilə rayondakı qiymət fərqi bu biznesə uyğun olmasın. Amma bu biznes faktiki olaraq uzun illər işləyirdi və bəlkə bəzi regionlarda hələ də davam edir. O alverçilər bəlkə heç özləri də bilmədən bu cür uzun uzadı izah tələb edən bir şeyə - tələbatı tələbə çevirməyə nail olublar. 

Nəticə: Tələbat üzə çıxarılması mümkün olan gizli tələbdir.


Əgər yazının bu qədər hissəsi sizə kifayət etdisə, oxumağı dayandıra bilərsiniz. Amma davam etsəniz başqa bir faktla üzləşəcəksiniz.

Bəs bu biznes bazarda və ya iqtisadiyyatda nə kimi dəyişiklik yaratdı? Çox dərinə getmədən, səthi də olsa bunu ssenariyə daha iki oyunçunu əlavə etməklə axtarmağa çalışaq: rayon mərkəzində vedrə satan şəxs və Bakıda vedrə satan şəxs.

Adi situasiyada vəziyyət necə olur:
Kəndli: bir toyuq verib əvəzinə kiçik bir vedrə alır.  
Alverçi: 10 AZN - 5 AZN = 5 AZN mənfəət əldə edir.
Rayonda vedrə satan: 5 AZN mənfəət qazanır. **
Bakıda vedrə satan: 0 AZN mənfəət qazanır. 
Cəmi mənfəət: 10 AZN

Tələbat tələbə çevrildikdən sonra isə:
Kəndli: .... 5 AZN mənfəət qazanmış olur. *
Alverçi: 10 AZN - 3 AZN = 7 AZN mənfəət əldə edir.
Rayonda vedrə satan: 0 AZN mənfəət əldə edir.
Bakıda vedrə satan: 3 AZN mənfəət əldə edir. ***
Cəmi mənfəət: 15 AZN

Aradakı 5 AZN mənfəət fərqi tələbatın tələbə çevrilməsi ilə yaranan qazancdır. Başqa sözlə kəndli üçün kiçik vedrə ilə böyük vedrə arasındakı dəyər fərqidir. Əslində isə rayon bazarında vedrə satan şəxs biz almasaq belə o vedrəni başqasına satacaq, Bakıdakı isə biz ondan aldığımız üçün başqa kimsəyə sata bilməyəcək və s. Ona görə də dərinə getdikcə anlaşılır ki, faktiki olaraq iqtisadiyyatda heç bir dəyişiklik olmayıb, qısacası, toplananlarn yerini dəyişəndə cəm dəyişməz. Amma hadisəyə alverçi və kəndlinin nəzərindən yanaşdıqda bu çox əlverişli bir yerdəyişmədir. 


Qeydlər:

* Kəndli üçün vedrələrin qiyməti rayon bazarındakı qiymətdir. Dünən əgər bir toyuğa 5 AZNlik vedrə ala bilirdisə, bu gün 10 AZNlik vedrə aldı, yəni toyuğunu 5 AZN baha satmış oldu. 
** Hesablama aydın olsun deyə vedrənin xərci 0 olaraq götürülüb. Amma onsuz da vedrə kimdənsə alınıb və o "xərc" başqa kimsələrin mənfəətlərindən ibarətdir. Ona görə də yekun nəticə dəyişmir. 
*** Hesablama aydın olsun deyə vedrənin xərci 0 olaraq götürülüb. Amma onsuz da vedrə kimdənsə alınıb və o "xərc" başqa kimsələrin mənfəətlərindən ibarətdir. Ona görə də yekun nəticə dəyişmir. 

Yazıda anlaşılmaz qalan hər hansı hissə barədə sual verə bilərsiniz. 


Müzəffər Abasov, 11.01.2016