Showing posts with label manat. Show all posts
Showing posts with label manat. Show all posts

Saturday, January 30, 2016

Azərbaycansayağı iqtisadiyyat

Bizə iqtisadiyyatı öyrədənlər demişdilər ki, iqtisadiyyat bir çox elmlərdən ideyalarınızı, fərziyyə və nəzəriyyələrinizi təcrübədən keçirmək üçün bir laboratoriyaya sahib olmamasıyla fərqlənir. Bir fərziyyənin doğru olub olmamasını yalnızca zaman və real həyatda olacaq nəticələr göstərə bilər. Bu isə çox risklidir.

Bazarda qiyməti görünməz əllər idarə edir, inflasiya qısa müddətli dövrdə işsizliyi azaldır, qiymət düşəndə tələb artır və s., bilirik. Bunlar dünya "laboratoriyası"nda sınaqdan keçmiş anlayışlardır. Bəs Azərbaycanda necə? Bütün dünyada müşahidə olunan iqtisadi qanunlar bizim ölkəmizdə də eynidir mi? Yoxsa hər şey kimi onu da özümüzə uyğunlaşdırmışıq, kəlləmayallaq etmişik? Misallara baxaq.


Sual belədir, böhran və ya durğunluq zamanı nə etməli?

İqtisad elmi deyir ki, dövlətin iqtisadiyyata qismən müdaxilə etdiyi iqtisadiyyatlarda durğunluq və ya böhran şəraitində olarkən genişləndirici (ekspansionar) siyasət həyata keçirilməlidir. Biz nə edirik? Daraldıcı siyasət. Məsələn:

1. Vergi siyasəti. Yuxarı vergi dolu büdcə demək deyil.
Durğunluq zamanı iqtisadiyyatı canlandırmaq üçün dövlət fiskal siyasətində dəyişiklik edir, vergiləri azaldır və güzəştlər tətbiq edir. Bununla da durğunluq zamanı kasıblamış və ya zərər edən sahibkarların vəziyyəti qismən yüngülləşir, həmçinin bazara yeni girmək istəyən sahibkarlar üçün stimul yaranır.

Azərbaycan sahibkarlara stimul vermək üçün bəzi tədbirlər həyata keçirdi, amma büdcəni doldurmaq xatirinə mənim fikrimcə böyük bir səhv etdi. Uzun illərdir neft gəlirlərinin böyük olması səbəbilə büdcə dolur, kiçik, orta və hətta bir çox iri sahibkarlar qanunsuz yollarla vergidən yayınmasına göz yumulurdu. İndi isə dövlət neft gəlirlərinin azalması ilə büdcədə yaranan boşluğu bağlamaq üçün sahibkarlara təzyiq göstərməyə, bu vaxta qədər göz yumduğu bəzi işlərin üstünü açmağa başladı. Nəticə? Onsuz da böhranda zəifləmiş sahibkar indi üstəlik vergi də verməlidir. Çarəni isə biznesdən çəkilməkdə tapır. Bu qərarları qəbul edənlərin anlamadıqları odur ki, sahibkar əgər mənfəət əldə edə biləcəksə, var olacaq və vergi verəcək. Bizim iqtisadi siyasət prinsiplərimiz real həyata yox, məktəb riyaziyyatına əsaslanır. "10 sahibkarın hərəsindən 10 manat vergi alsaq, edir 100 manat. Onda hərəsindən 50 manat vergi alaq 500 manat olsun." Kaş ki, "onda vergi 8 manat olsun, əlavə 5 sahibkar da gəlsin, etsin 120 manat" fikrində olardılar.

2. İnflasiya, qiymət artımı və bənzər məsələlər. İnflasiya düşmən deyil, dostdur.
İnflasiya, yəni qiymət artımı həddini aşmadıqda sahibkarlara stimul verir, onları biznesdə qalmağa, əlavə işçilər götürməyə, hətta yeni sahibkarların bazara daxil olmasına təkan verir. İstehsal artır, işsizlik azalır. Sözsüz ki, qısa müddət də olsa insanlar hər şeyi qismən baha qiymətə almalı olur, amma hər şeyin qiyməti qalxıbsa, demək bir müddət sonra əmək haqqları da qalxacaq, narahat olmağa səbəb yoxdur.

Amma həmən bu inflasiya bizim xalqımızın yaralı yeridir, həmişə hər şeyi "dədələrinin qiymətinə" satırlar, "pulun bərəkəti də qalmayıb", bəli, "şirvanın şirvan vaxtında" bu pula filan qədər ərzaq düşürdü. Amma insanlar təbii olaraq, inkişafın, uzunmüddətli dövrdə rifahın yaxşılaşmasının səbəbinin normasında olan inflasiya olduğunu bilmirlər. Bəs bilməli olanlar, bu işin əhli olan şəxslər də bilmir?

Neft qiymətləri düşür, manatımız dəyərini itirir, kasıbladığımızı, hər şeyin baha olacağını, amma eyni zamanda da yerli istehsalın artacağını bilirik, gec də olsa qeyri-neft sektorunun inkişafına ümidimiz yaranır. Amma dövlət nə edir? Sahibkarlara qiymət artımı etməmələri üçün şiddətli təzyiq göstərir. Razıyam, bizim sahibkarlar dünyanın ən rasional və yalnızca özlərini düşünən, ən azından bunun belə olduğuna inanan sahibkarlardır. Bu sahibkarlar 1990-cı il, Qanlı Yanvar gecəsinin səhəri çörəyin (çörəyin!!!) qiymətini 10 dəfəyə qədər qaldıran sahibkarlardır, gecə qırğından sonra bütün şəhəri heç bir qarşılıq ummadan al qərənfilə qərq edən saf qəlbli, irrasionallıqlarının (insanlıqlarının) qurbanı olub elə o illərdə itib batan sahibkarlar deyil bunlar. Amma istənilən halda bu süni (həqiqətən mi, süni?) qiymət artımnın qarşısını almaq hansısa broyler işçilərini həbs etmək olmamalıydı, qətiyyən. Onsuz da özümüzün istehsal etdiyimiz nadir məhsullardan biridi bu broyler toyuqları.

Bəs sahibkarlar nə edə bilərlər? Yaxşı tutaq ki. qiyməti artırmadılar. Bəs axı onsuz da 5-10% marjası olan yazıq mağaza sahibi indi devalvasiyanın da təsiriylə zərər edəcək. Məcbur olub vitrinlərini boş saxlayır. Onda da gəlib deyirlər ki, "sən süni şəkildə mal qıtlığı yaradırsan". Yenə son çarə biznesdən çəkilməkdir.

3. Qiymətlər. Aşağı qiymət az gəlir demək deyil. 
Məhsulunun yüksək keyfiyyəti və brendləriylə bazarda söz sahibi ola bilməyən ölkələr qiymət fatoruyla rəqabət qabiliyyəti əldə edirlər. Gürcüstan və Türkiyə buna gözəl misal ola bilər, xüsusən də turizm sektorunda olan uğurları.

Birinci devalvasiyanı edəndə dedik ki, ölkəmizin ixrac potensialını artırmaq məqsədi ilə edirik. Yaxşı, bəs turizm də bir ixrac deyil mi? Biz isə deyirik ki, devalvasiya nəticəsində turizm obyektlərinin qiyməti qalxsa, "bu bizə sərf edir". Əl yandıran otel qiymətlərinin aşağı salınması üçün bir tədbir görmürük. Axı biz illərdir ölkəmizin gözəlliklər diyarı olduğunu iddia edirik, xarici futbol klublarına sponsor oluruq, varlıq səbəbi mübahisə mövzusu olan idman yarışları keçiririk, bütün dünyaya "cənnət görmək istəyən Azərbaycana gəlsin" deyirik. Bizdəki bu qiymətləri görən potensial turist nə deyib gəlsin axı? Nəticə, turist sayı artmaq əvəzinə azalır, qoyulan investisiya hədər gedir.


Yekun.
Hər işdə, hər sahədə olduğu kimi biz iqtisadiyyatda da fərqliyik, amma yaxşı istiqamətdə yox. Buna bir çox səbəblər tapmaq olar. Amma xalq, insanlar və dünya səbəblərlə yox, nəticələrlə maraqlanır. Yuxarıda çəkdiyim misalların 3ü də iqtisadiyyatda normativ (olmalı olan) və pozitiv (reallıq) adlandırılan iki anlayışın arasında olan ziddiyətdən yaranıb. Kütlə bunu bilməyə bilər, amma iqtisadçılar və ən əsası da dövlət bunu bilməlidir. Normativləri yox, pozitivləri əsas götürməlidir.




30 Yanvar 2016, Müzəffər Abasov

Tuesday, September 15, 2015

Devalvasiya - "Vızıltı"dan sonra

Bütün dünyada, bütün sahələrdə - istər gündəlik həyatda, istər biznesdə, istər dövlət idarəçiliyində - hər hansı dəyişiklik və ya yenilik qısa zaman intervalında hər kəs tərəfindən danışılır, bütün cəmiyyətin diqqətini cəlb edir, mövzu barədə informasiyası olan, olmayan hər kəs "nəsə bilir", proqnozlar, şərhlər verir, cürbəcür məntiqli və ya məntiqsiz şaiyələr yayılır. Bu zaman intervalında baş verənlər "buzz", bizim dildə desək, "vızıltı" adlandırılır.

Yadınızdadırsa, fevral ayında Mərkəzi Bank gözlənilməz kəskin devalvasiya qərarı verdikdən sonra bir müddət hamı, mediadan dövlət nümayəndələrinə, iqtisadçılardan adi vətəndaşlara qədər hamı bu mövzunu müzakirə edirdi. "Vızıltı" müddəti bitdikdən sonra isə ("After the buzz") demək olar ki, hər şey unuduldu. İndi isə mən Azərbaycanda devalvasiyadan bu yana baş verənlər - devalvasiyanın real nəticələri barədə yazacağam.

Devalvasiya səbəbi ilə ölkədə kəskin qiymət artımı yaşanacağı barədə proqnozlar özünü doğrultmadı. Yalnızca birbaşa xaricdən son istifadəçi üçün hazır olaraq gələn əmtəələrin (mobil telefonlar, dərmanlar və s.) qiyməti devalvasiyanın faizinə uyğun olaraq artdı. Azərbaycanın idxaldan asılılığını və yerli istehsalın aşağı səviyyədə olmasını nəzərə aldıqda yüksək inflasiya qaçılmaz idi. Dövlətin vəziyyətə müdaxiləsi ilkin mərhələdə süni qiymət artımının qarşısını çox böyük ölçüdə aldı. İstənilən halda, bu il üçün hazırki 3.7%lik illik inflasiya (Qrafik 1) və 5.83%lik illik ərzaq inflasiyası (Qrafik 2) (İyul, 2015) son 3 ilin ən yüksək göstəriciləridir.

Qrafik 1. İnflasiya
Qrafik 2. Ərzaq inflasiyası
Gözlənilənin əksinə, xüsusən ərzaq məhsullarında, qiymət artımının baş verməməsinin əsas səbəbi isə dünyada ərzaq məhsullarının qiymətindəki eniş oldu. Məsələn, ötən ilin avqust ayında 198.3 olan FAO (Ərzaq və Kənd Təsərrüfatı) indeksi bu ilin avqust ayında 155.7 səviyyəsinə qədər enib. (~21%) Bu isə o deməkdir ki, idxal olunan məhsulların qiymətlərindəki eniş devalvasiya sonrasında sahibkarlara çox böyük itki yaşamadan qiymətləri sabit saxlamağa və ya cüzi artırmağa imkan verib.

Digər bir səbəb isə, Azərbaycanın əmtəə idxal etdiyi ölkələrdən bəzilərinin də devalvasiyaya getməsi oldu.

Bəs bu nə dərəcədə müsbət bir hal kimi qiymətləndirilə bilər? Azərbaycan neftin qiymətindəki kəskin düşüşdən sonra həm büdcə kəsirini daha az xərclə bağlamaq, həm də  uzunmüddətli dövrdə ölkə iqtisadiyyatını xammal asılılığından qurtarmaq üçün kəskin devalvasiyaya getdi. Nəzəri olaraq, devalvasiya ölkədəki xarici məhsulun qiymətini artırmalı, idxal baha başa gəlməli, ixraca stimul yaranmalı, insanlar yerli məhsul istehsal və istehlak etməyə üz tutmalı və beləcə iqtisadiyyat şaxələnməli, idxaldan asılılıq azalmalı idi. Hal-hazırki şəraitdə isə bu saydıqlarımın heç biri mümkün görünmür, qiymətlər artmadı, idxal baha başa gəlmir, qonşu ölkələrə ixrac üçün əlavə stimul yaranmadı. Qısacası, inflasiya yoxdursa, inkişaf da yoxdur.