Saturday, November 24, 2018

Riski nə qədər sevdiyinizi bilirsinizmi?

Gəlin bir oyun oynayaq və sizə kim olduğunuzu deyim.

Təsəvvür edin ki, dostunuz sizə bir lotoreya bileti hədiyyə edib. Sizdən başqa bu biletdən yalnızca iki nəfərdə var. Üçünüzdən biri püşklə böyük mükafatı, 1500 AZN-i əldə edəcək. Püşkə dəqiqələr qalıb, həyəcan ən üst həddədir. Bu an qarşınıza çıxıram və sizə bir təklif edirəm: "Biletinizi mənə satın."

Biletinizi mənə neçəyə satarsınız? 


Yaxşı düşünün. Qalib olsanız 1500 AZN əldə edəcəksiniz. Amma püşkdən bir qəpiksiz ayrılma ehtimalınız da az deyil: 66.7%. Yəni burada 3 ehtimal var, 0 AZN, 0 AZN və 1500 AZN. Sadə bir hesablama ilə deyə bilərik ki, püşkün nəticəsi olaraq sizin əldə edəcəyiniz gözlənən dəyər 500 AZN-dir. 

Təklifimə qarşılıq bir qiymət düşündünüz mü? 100 AZN? 400 AZN? 500 AZN? 700 AZN? Nə qədər istəyirsiniz?

Cavabınıza əsasən siz necə birisiniz?

Əgər ağlınızdakı minimum məbləğ 500 AZN-dirsə, demək ki, siz riskə qarşı neytral (risk-neutral) bir insansınız. 500 AZN-dən aşağıdırsa, siz riskdən qaçan (risk-averse), 500 AZN-dən yuxarıdırsa, onda siz risk sevən (risk-lover) bir şəxssiniz. 

İnsanların risklərə qarşı olan münasibəti hər situasiya üçün eynidir mi? Məsələn, təsəvvür edin ki, təhsil haqqınızı ödəməyə pulunuz yoxdur və sizə 1200 AZN lazımdır. Eyni ssenari təkrarlansa, bu dəfə bileti neçəyə satmağa razı olardınız? 1000 manat təklif etsəm, yəqin ki rədd edərdiniz. Çünki sizin üçün bu halda 1200 AZN-dən aşağı olan hər hansı məbləğin əhəmiyyəti yoxdur. 

Başqa bir ssenari yoxlayaq. Mükafat məbləği 1 milyard dollar, iştirakçı sayı 10 nəfər, qalib gəlmə ehtimalınız 10%, yəni gözlənilən dəyər 100 milyon dollar olsun. Bu zaman bileti neçəyə satmağa razı olardınız? Düşünün.

Sizi bilmirəm, amma mən bu bileti 1 milyon dollara da satmağa razı olardım. Demək ki, insanın riskə olan münasibətini təyin edən tək şeyin onun xarakteri, risk alma meyli deyil, həm də riskə atılan məbləğin həcmi, mövcud gəlir səviyyəsi, qalib gəlmə ehtimalı, ehtiyac duyulan məbləğ və s. faktorlardır. 

Bəs riskə olan münasibətin iqtisadiyyatda rolu nədir?
İnsanlar - yəni biz iqtisadiyyatın subyektləriyik. Bazarın hansı istiqamətə yönələcəyini təyin edən əsas faktor bizim verdiyimiz qərarlardır.

Maliyyə bazarlarında insanların investisiya qərarlarının əsasını onların riskə olan münasibəti təşkil edir. Əgər bir investor gözlənilən gəliri 10% olan bir səhm yerinə gözlənilən gəliri 5% olan səhmi seçirsə bunun səbəbi böyük ehtimal ki, 5% gəlir vəd edən səhmin daha az riskli olmasıdır.

Bu gün Azərbaycan bankları dollarla olan depozitləri manatla olan depozitlərdən qat-qat aşağı faizlə qəbul edirsə, bunun da səbəbi manatın daha riskli olmasıdır. Avropada banklar Azərbaycan banklarından çox daha aşağı faizlə kredit verirsə bunun da səbəbi Azərbaycan bazarının daha riskli olmasıdır. Daha yüksək faiz vəd edən, amma batma ehtimalı olan bankla daha aşağı faiz vəd edən, amma etibarlı bank arasında seçim etmək sizin riskə nə qədər meyilli olmağınızdan birbaşa asılıdır.

İqtisadiyyatda baş verən proseslərin təməlində duran bu məsələ heç də təsadüfi və əsassız deyil. İnsanların riskə yanaşmasının arxasınca ciddi riyazi əsaslar dayanır. Bu mövzuya daha sonra yenidən qayıdacağıq, bu dəfə daha riyazi.

Saturday, November 10, 2018

Borc igidin qamçısıdır. Bəs ölkələrin necə?


Mediada, sosial şəbəkələrdə tez-tez müzakirə edilən mövzulardan biri ölkələrin xarici borcudur. Əvvəlcə xarici borc nədir, onu aydınlaşdıraq. Xarici borc bir ölkənin xarici borc verənlərə - banklara, dövlətlərə, qurumlara və s. olan cəmi borcudur. Bu borc dövlət, şirkətlər və vətəndaşlar tərəfindən götürülmüş ola bilər. Onu da deyim ki, Azərbaycanın elə də ciddi xarici borcu yoxdur. 9.6 milyard ABŞ dolları xarici borc individual olaraq baxanda əlbəttə ki, nəhəng rəqəmdir. Amma nəzərə almaq lazımdır ki, bu göstərici ölkə ÜDM-nin cəmi 22%-i qədərdir. Bəs həqiqətən mi xarici borcun az olması müsbət göstəricidir? Borc azdırsa, hər şey qaydasındadır mı?

Dar çərçivədə yaxınlaşdıqda borclu olmağın yaxşı bir şey olmadığı düşünülə bilər. Lakin, tutaq ki, mənim 1 milyon manat borcum var və bu pulla biznes qurmuşam. Heç borcu olmayan, amma biznesi də olmayan şəxsin vəziyyəti mi daha yaxşıdır, yoxsa mənim?

Aşağıdakı xəritəyə baxaq. Xəritə dünya ölkələrinin xarici borcunun Ümumi Daxili Məhsuluna olan nisbətini göstərir. Göy rəngin tünd çalarları xarici borcu ÜDM-nə nisbətən çox olan ölkələri göstərir. Diqqətinizi çəkən nədir? Bir neçə istisnanı çıxmaq şərti ilə, xarici borcu çox olan ölkələr əksərən Avropa, Şimali Amerika ölkələri və s., yəni inkişaf etmiş ölkələrdir.


Vəziyyətin bir qədər daha aydın olması üçün, aşağıdakı qrafikə nəzər salmaqda fayda var. Qrafikin ordinatında (vertikal xətt üzrə) İnsan İnkişafı İndeksi, absisində (horizontal xətt üzrə) isə xarici borcun ÜDM-ə nisbəti yerləşdirilib. Qrafik barədə danışmağa keçmədən onu qeyd edim ki, İnsan İnkişafı İndeksi (HDI) bir ölkədə insanların ortalama yaşama müddəti, təhsil müddəti və gəlir səviyyəsini nəzərə alaraq hesablanan bir indeksdir. Göstəricisi 0-la 1 arasında dəyişir, 1-ə yaxın göstəricilər yaxşı hesab edilir.


Hesablamalar göstərir ki, xarici borcun ÜDM-ə nisbəti ilə HDI arasında 50%-lik müsbət korrelasiya var.
Göründüyü kimi qrafik qırmızı xəttlərlə 4 hissəyə bölünüb. 1 – HDI 0.7-dən kiçik, xarici borc ÜDM-dən az. 2 – HDI 0.7-dən böyük, xarici borc ÜDM-dən az. 3 – HDI 0.7-dən böyük, xarici borc ÜDM-dən çox. 4 – HDI 0.7-dən kiçik, xarici borc ÜDM-dən böyük.

1-ci bölgədə olan ölkələr adətən kasıb və inkişaf etməmiş ölkələrdir. Onların xarici borcu da yox səviyyəsindədir. Türklər demiş, “fakir, ama gururlu”.

Azərbaycanın da daxil olduğu 2-ci bölgədə olan ölkələr orta və yüksək gəlirli, inkişaf etməkdə olan və inkişaf etmiş, amma xarici borcu aşağı olan ölkələrdir. Bu ölkələrin bir qismi (neft ölkələri) təbii resurslardan gələn pul hesabına rezerv yığır, xarici borclanmadan isə uzaq dururlar.

3-cü bölgədə olan ölkələr də orta və yüksək gəlirli, inkişafda olan və inkişaf etmiş ölkələrdir. Lakin, onların xarici borcu da çoxdur. Bu bölgədə olan ölkələrin mövcudluğu onu göstərir ki, əslində inkişaf etmiş və yüksək gəlirli ölkə olmaq üçün xarici borcun yüksək olması hər hansı maneə təşkil etmir. Hər zaman həsəd apardığımız Kanada, İsveç, Norveç, Avstriya, Finlandiya, İsveçrə, Almaniya, Fransa, Böyük Britaniya, Danimarka, Yaponiya kimi ölkələr bu kateqoriyaya aiddir. Bəli, bəli.

4-cü bölgədə olan ölkələr kasıb, inkişaf etməmiş, amma xarici borcu da çox olan ölkələrdir. Yəni, əslində olmalıdır. Lakin demək olar ki, dünyada çox kasıb, amma yüksək xarici borclu ölkə bir neçə istisna ölkəni çıxmaq şərti ilə, yoxdur. Yəni, xarici borcu yüksək olan ölkələr əksərən inkişaf etmiş ölkələrdir.

Doğrudur, xarici borcla bağlı çox ciddi bir məsələ də siyasi və iqtisadi asılılığın yaranmasıdır. Ölkələrin xarici borcu çox yüksək olduqda qarşı tərəf bunu rahatlıqla istifadə edərək təzyiq göstərə bilir. Məsələn bu gün hər hansı ölkənin Azərbaycana qarşı belə bir imkanı yoxdur. Çünki faktiki olaraq ölkənin Mərkəzi Bankda və Dövlət Neft Fondunda olan ehtiyatları xarici borcun 4 qatına yaxındır.

Borclanmanın aşağı olması təbii ki, pis deyil. Lakin, düzgün idarə edilən borc bir ölkənin kürəyində iz salan yox, əlində silah olan qamçıya çevrilə bilər. 

Tuesday, October 30, 2018

Mümkünsüz trio - (Impossible trinity)

Universal olaraq universitet tələbələri təhsil müddətləri boyunca “üçbucaq”ın uc nöqtələrində yerləşdirilmiş “Əla qiymətlər”, “Sosial aktiv həyat” və “Normal yuxu” dilleması arasında seçim etmək məcburiyyətində qalırlar. 
Normal praktiki şəraitdə hər hansı şəxsin hər üç “nöqtəni” eyni zamanda yerinə yetirməsi bir qədər çətin, daha konservativ yanaşsaq mümkünsüzdür deyə bilərik. Belə ki, “əla qiymətlər” və “normal yuxu” arzu edən şəxs məcbur olaraq “sosial aktiv həyat”dan, “sosial aktiv həyat” və “əla qiymətlər” arzu edən şəxs “normal yuxudan”, “normal yuxu” və “sosial aktiv həyat” arzu edənlərsə “əla qiymətlər”dən imtina etmək məcburiyyətində qalır. Göründüyü kimi, üçbucağın uc nöqtələrində yerləşdirilmiş seçimlərin üçünü də eyni anda seçə bilmirik, hər zaman bir seçimi mütləq şəkildə “qurban” verməli oluruq və “mümkünsüz trio” dilleması ilə üzbəüz qalırıq.

Müasir dövrdə “Mümkünsüz trio” problemi ilə tək tələbələr deyil, eyni zamanda dövlətlər də qarşılaşır. Lakin dövlətlərin qarşılaşdığı “mümkünsüz trio”da seçimlər normal olaraq – “əla qiymətlər”, “sosial aktiv həyat”, “normal yuxu” deyil də, aşağıda göstərilmiş şəkildə - “sabit məzənnə”, “sərbəst kapital axını” və “müstəqil pul siyasəti”ndən ibarət olur.
Başqa sözlə desək, “sabit məzənnə”, “sərbəst kapital axını” və “müstəqil pul siyasəti”nin eyni anda mövcud olması mümkün olmur, hər zaman seçimlərdən biri qurban verilməli olur.
Təsəvvür edək ki, dünya ortalamasında uçot faiz dərəcəsi 7%-dir (şərti faiz dərəcəsi). Əgər  “A” adlı ölkənin mərkəzi bankı müstəqil pul siyasətinə əsasən öz uçot faiz dərəcələrini 3%-ə endirsə, investorlar aşağı faiz dərəcəsinə malik  “A” adlı ölkənin valyutasını satıb, daha yuxarı faiz dərəcəsinə malik digər xarici valyutaları alacaqlar (7%>3%). Yerli valyutanın kütləvi şəkildə satılması isə məzənnənin kəskin şəkildə dəyişməsinə səbəb olacaq (qeyri-sabit məzənnə). Sabit məzənnəyə və müstəqil pul siyasətinə sahib olmaq istəyən “A” adlı ölkə isə yalnız kapital axınlarına məhdudiyyətlər qoymaqla (günlük, aylıq alış-satış limitləri) buna nail ola bilir (Seçim B). Müstəqil pul siyasəti və sərbəst kapital axını siyasəti izləndiyi zaman isə yerli valyutanın investorlar tərəfindən kütləvi şəkildə satılmasına görə sabit məzənnə siyasətini izləmək mümkün olmur (Seçim C). Sərbəst kapital axını və sabit məzənnəyə (Seçim A) sahib olmaq üçünsə, müstəqil pul siyasətindən imtina edilməli, dünya-uçot faiz dərəcələri qəbul edilməlidir. 

Nəzəriyyədə başa düşdük, bəs praktiki olaraq kimlər nə edir?

Seçim A (Sərbəst kapital axını – Sabit Məzənnə)
Avrozona ölkələri hazırkı dövrdə müstəqil pul siyəsətindən imtina etməklə, sərbəst kapital axını və sabit məzənnə siyasəti (valyuta əvəzlənməsi) həyat keçirirlər. Avropa Mərkəzi Bankı üzv ölkələrin adından pul siyasətini həyata keçirir və üzvlər də bu siyasəti izləmək məcburiyyətindədir.
*Qeyd – Sabit məzənnə siyasəti zamanı avrozona ölkələri eyni valyutanı – avronu ortaq valyuta kimi qəbul edərək öz valyutalarını avroya qarşı "bərkidib", başqa sözlə desək sabitləyib və avro ilə əvəzləyiblər. Bu səbəbdən, nümunədə qeyd edilmiş sabit məzənnə deyildikdə, avronun avrozon daxilində sabit olunmasından söhbət gedir.   

Seçim B (Sabit Məzənnə - Müstəqil pul siyasəti)
Azərbaycan “Seçim B”-in hazırkı dövrdə izləyicilərindən biridir. Belə ki, mərkəzi bank tərəfindən uzun müddətdir de-fakto sabit məzənnə (1USD = 1.7 AZN) və müstəqil pul siyasəti həyata keçirilir. Buna qarşılıq olaraq isə, hüquqi və fiziki şəxslərin gündəlik və aylıq olaraq xarici valyuta alış-satışına limitlər qoyulub (sərbəst kapital axını). Böyük ölkələr sırasında isə Çin hazırda “Seçim B”-yə üstünlük verir.

Seçim C (Sərbəst kapital axını – Müstəqil pul siyasəti)
“Sərbəst kapital axını –Müstəqil pul siyasəti” ikilisinin izləyicilərin böyüyü kimi ABŞ-ın adını çəkə bilərik. Belə ki, ölkənin mərkəzi bankı tərəfindən kapital axının sərbəstliyi və müstəqil pul siyasəti seçildiyi üçün ölkə üzən məzənnəyə sahibdir (qeyri-sabit məzənnə).


Yazıda işlənmiş əsas anlayışların izahı:

Sərbəst kapital axını – Ölkə iqtisadiyyatına daxil edilən və ya çıxarılan, xarici və ya yerli valyuta məbləğlərinə qarşı hər hansı müdaxilənin olmaması mənasına gəlir. Ümumi olaraq müdaxilələr iki formada aparıla bilir: 1) Xarici valyutanın girişi və çıxışı idarə olunur və ya məhdudlanır (alış-satış limitləri) 2) Xarici valyutanın çıxışında vergi tətbiq olunur (Tobin Vergisi)

Sabit məzənnə – Əgər ölkə məzənnəsi mərkəzi bank və ya müvafiq orqan tərəfindən yeni qərara qədər dəyişməmək üzrə müəyyənləşibsə buna sabit məzənnə deyilir. Məzənnənin iqtisadiyyatda baş verən dalğalanmalara əsasən müəyyənləşməsi isə üzən məzənnə adlanır. 

Müstəqil pul siyasəti – Ölkə mərkəzi bankının və ya müvafiq orqanın müstəqil şəkildə uçot-faiz dərəcələrini, inflyasiya hədəflərini sərbəst şəkildə müəyyənləşdirməsinə deyilir. 

Sunday, October 21, 2018

Nəy(e)dik, nə olduq...


Hər nə qədər çox qısa müddət imiş kimi görünsə də, 2007-ci ildən bu yana 11 il ötüb. 2007-2017-ci illərdə dəyişməyən şeylərin sayı hesabı yoxdur, lakin, dəyişənlər də az deyil. Məsələn, gəlirlərimiz. 10 il ərzində ortalama bir Azərbaycanlının nominal gəliri manatla 2.5 qat artıb (Dövlər Statistika Komitəsi). Bu göstərici inflasiya və devalvasiya kimi faktorları gözardı edir. Bu illər ərzində Azərbaycanda istehlakçı qiymətlərinin təqribən 1.6 dəfə (Dünya Bankı) artdığını nəzərə alsaq deyə bilərik ki, ortalama olaraq hər birimiz təqribən 55% varlanmışıq. 


Bəs bu varlanma bizim istehlakçı kimi davranışımıza necə təsir göstərib? Aşağıdakı diaqram Azərbaycanda bir sıra məhsulların adambaşına istehlakını 2007 və 2017-ci illər üzrə müqayisə etməyə imkan verir. Diaqramdan aydın olur ki, 10 il ərzində biz daha az tərəvəz və çörək yeməyə, daha çox ət, süd məhsulları və meyvə yeməyə başlamışıq.

Əgər biz 2007-ci ildə adambaşına 29 kiloqram ət yeyirdiksə, indi bu göstərici 37 kiloqramdır. Dünya üzrə adambaşına ət istehlakının 34 kiloqram olduğunu nəzərə alsaq deyə bilərik ki, vəziyyətimiz elə də pis deyil. Lakin, onu da qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə bu göstərici  75-80 kiloqramdan yuxarıdır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyə etdiyi illik ət istehlakı miqdarı da bizim mövcud istehlakımızın 2 qatından artıqdır (84 kq).


İllər ərzində hansı məhsulun istehlakının 2007-ci il ilə müqayisədə necə dəyişdiyini görmək üçün ərzaq istehsalı indeksini hesablamaq yerinə düşər. Bu indeks belə hesablanır:
Burada X müəyyən il üçün indeksin dəyərini, C isə istehlak miqdarını göstərir. Beləliklə, 2007-ci il üçün indeksin dəyəri 100-ə bərabər olmuş olur.  

Hər məhsulun 2007-ci il üçün adambaşına istehlakını “100”-ə sabitləyib növbəti illəri ona uyğun olaraq dəyişsək ortaya aşağıdakı kimi bir mənzərə çıxır. Belə aydın olur ki, 10 il ərzində ən yüksək artım süd məhsullarında olub (+40%).


Ət istehlakının artmış olması önəmli göstəricidir, lakin bu artımın əsasını hansı ət növünün təşkil etməsi də vacib məsələdir. Yuxarıda ümumi ərzaq kateqoriyaları üçün hesabladığımız istehlak indeksini ət növləri üçün də hesablaya bilərik.


Görünür ki, ənənəvi olaraq istehlak edilən 3 əsas ət növündən ən ciddi artım quş ətinin istehlakında olub. Belə ki, adambaşına quş əti istehlakı 2007-ci il ilə müqayisədə 35% artıb. Bu artımın əsas hissəsi isə (~20%) 2015-ci ildən, yəni devalvasiyadan sonra olub. Bunu quş ətinin qiymətinin digər ətlərlə müqayisədə daha ucuz olması ilə əlaqələndirmək olar. Bununla belə, donuz ətinin istehlakında artım quş əti ilə müqayisədə daha yüksəkdir (40%). Donuz ətinin istehlakı 2013-cü ilə qədər 3 dəfə azalmışdısa da, daha sonra 4 il ərzində 4 qat artmışdır.  

Gələcəklə bağlı proqnoz vermək çətindir. Lakin görünən odur ki, önümüzdəki illərdə toyuq ətinin istehlakındakı artış davam edəcək. Donuz ətinin istehlakı da ciddi şəkildə artacaq, hətta, donuz əti ənənəvi olaraq istehlak edilən ət növünə belə çevrilə bilər. Meyvə istehlakının artmağa davam edəcəyini, tərəvəz istehlakının isə azalan trenddən uzaqlaşaraq artmağa başlayacağını təxmin etmək olar. Belə ki, gəlir səviyyəsi artdıqdan bir müddət sonra insanlar daha sağlam qidalara üz tutmağa başlayırlar. Bu, həm də çörək istehlakının növbəti illərdə də azalacağını deməyə əsas verir.

Mənbə: Dövlət Statistika Komitəsi

Monday, May 15, 2017

"NİDEM TAPMACASI". TEXNOLOGİYA PAYLANMASI VƏ İXTİRA EHTİMALI ƏYRİLƏRİ.

"Nidem tapmacası" (The Needham Puzzle) nədir?

13-cü əsrə Çin Britaniya kimi ölkələrin 18-ci əsrə qədər çata bilmədiyi texnologiyaya və sənayeyə sahib idi. Çinin qərb ölkələrindən əsrlər əvvəl sənaye inqilabı etmə potensialı var idi, amma edə bilmədi. 20-ci əsrdə Britaniya alimi Josef Nidem belə bir sualla bu vəziyyətin səbəbini öyrənməyə çalışdı: Keçmişdə Çin niyə digər ölkələrdən daha çox inkişaf etmişdi? Bəs niyə bu gün Çin geridə qalıb və o ölkələrdən öndə deyil?

Nidem tapmacasına cavab tapmaq üçün bir çox fərziyyələr irəli sürülmüşdür. Bir fərziyyəyə görə Çinin mühafizəkar mədəni kimliyi onun geri qalmasının səbəbkarı idi. Digər fərziyyəyə görə isə Çinin vahid bir ölkə olması səbəbiylə yaranan daxili rəqabət onu geri salırdı, qərbdə isə çox sayda kiçik ölkələr var idi. Amma Çin tarix boyunca da eyni mühafizəkar kimliyə sahib idi, həmçinin Çin güclü inkişaf yaşadığı dövrlərin bir çoxunda da vahid ölkə idi. Üçüncü bir fərziyyə Çində əqli mülkiyyət hüquqlarının qorunması sisteminin olmamasını səbəb göstərir, amma bunun sənaye inqilabında həlledici rolunun olub-olmaması sual altındadır, həmçinin digər nəzəriyyələr kimi Çinin tarixi inkişafını açıqlamır.

Bəs səbəb nə idi?

Nidem'in tapmacasının açıqlamasına keçmədən öncə "texnologiya paylanma əyrisi" və "ixtira ehtimalı əyrisi" ilə tanış olaq. (Qrafik 1.)
Qrafik 1.
Qrafikdə üfüqi xətt üzrə texnoloji inkişaf səviyyəsi, həmçinin istehsal miqdarı, şaquli xətt üzrə isə hər hansı bir istehsal həcminə çatmaq üçün tələb olunan istehsal faktorlarının bölüşdürülməsi, başqa sözlə istehsalın xərci göstərilib. Burada texnologiya dedikdə hər hansı bir istehsal prosesi üçün resursları bölüşdürmə metodları nəzərdə tutulur. Qrafik üzərindəki "A", "B", "C" nöqtələri, həmçinin əyrinin alt hissəsində qalan bütün nöqtələr müəyyən bir texnoloji inkişaf səviyyəsində, müəyyən bir resurs bölüşdürmə metodu ilə və ya istehsal xərci ilə əldə edə biləcəyimiz məhsul həcmini göstərir. Qrafikdə sağa getdikcə istehsalın miqdarı artır. Məsələn "A" və "C" nöqtələri eyni istehsal miqdarına çatmağı iki fərqli üsuludur, "C", "A" ilə müqayisədə daha az xərc tələb edən metoda sahibdir. "B" isə eyni qədər xərclə "A"dan daha çox məhsul istehsal edən nöqtədir, çünki B nöqtəsində daha yüksək texnologiya mövcuddur. Əyrinin yuxarısında qalan nöqtələr iqtisadiyyat üçün əlçatmaz olan nöqtələrdir. 

İxtira ehtimalı əyrisini də elə texnologiya paylanması əyrisi ilə eyni qrafik üzərindən izah etmək mümkündür. İxtira ehtimalı əyrisi nəzəriyyəsinin 3 əsas iddiası var.

Birincisi, müəyyən edilmiş bir texnologiya səviyyəsində yeni metodlar yoxlamaq üçün nə qədər çox cəhdlər olsa yeni bir şey kəşf etmə ehtimalı o qədər yüksək olur. Buna təcrübəyə əsaslanan ixtiralar deyilir.

İkincisi, müəyyən cəhd sayı üçün texnologiya paylanma əyrisinin nə qədər solunda olsanız, yeni bir şey kəşf etmə ehtimalınız o qədər yüksəkdir. Sağa getdikcə isə ehtimal azalır. Məsələn, "A" nöqtəsində ixtira etmə ehtimalı "B" nöqtəsindən daha çoxdur.

Üçüncüsü, müəyyən texnologiya səviyyəsi və müəyyən cəhd sayı üçün, texnologiya paylanma əyrisi sağa sürüşdükcə ixtira etmə ehtimalı artır. Texnologiya paylanma əyrisini bir neçə səbəb sağa sürüşdürə bilər. Məsələn, hansısa alimin şəxsi zəkasıyla etdiyi yeniliklər, elmi araşdırmalar və ya hansısa yeni materialın kəşf edilməsi. Misal üçün, tarixdə dəmirin kəşf edilməsi texnologiya paylanma əyrisini sağa sürüşdürmüş və bir çox yeni kəşf üçün şərait yaranmışdı.

Bu üç fikri Nidem tapmacasını açıqlamaq üçün istifadə edə bilərik.

Erkən dövrlərdə Çin əhalisinin çox olması sayəsində ciddi texnoloji inkişafa çatmışdı. Belə ki, insan sayının çox olması təsərrüfatdakı yeni cəhd sayını artırırdı. Cəhdlərin sayı artdıqca isə yeni texnoloji kəşflərin önü açılırdı.

Çinin şimali hissəsi işğal edildikdən sonra əhali ölkənin iqtisadi mərkəzini mərkəzi və cənub hissələrə daşımağa məcbur oldu. Çin əhalisi özünə yad olan, öyrəncəli olmadığı bir mühitə düşdü, yəni texnologiya paylanma əyrisinin solunda qərarlaşdı. Yeni bitkilərin əkini üçün çox ciddi texnoloji yeniliklər əldə edilməyə davam etdi.

Amma 18-ci əsrdən başlayaraq vəziyyət dəyişdi. Avropa ölkələri təsadüfi cəhdlərə əsaslanan ixtiralardan, qəsdli sınaqlara, elmi araşdırmalara əsaslanan ixtira sisteminə keçid etdi. Beləcə qərbin texnologiya paylanma əyrisi sağa sürüşməyə başladı. Çin ixtira sistemini dəyişməyi bacarmadı, çünki birincisi, Çin bürokratik ölkə idi, kapitalist dəyərlərin və müasir elmin formalaşması üçün əlverişli şərait yox idi. Avropada sənaye iri firmaların əlində idi, Çində isə kiçik təsərrüfatlardan ibarət rəqabətli bazar var idi. İri firmalar dövriyyələri çox yüksək olduğu üçün elmi araşdırmalara maliyyə ayıra bilirdilər, Çindəki kiçik ev təsərrüfatlarının isə buna yetəcək pulu yox idi. Bundan başqa, qərbdən fərqli olaraq Çinin ağıllı və parlaq gələcək vəd edən gəncləri elmə yönəlmək əvəzinə 10 ilə yaxın Konfutsi ideyalarının əks olunduğu kitabları oxuyaraq dövlət qulluğuna hazırlaşmağı üstün tuturdular, bu onlar üçün daha əlverişli idi. 

Beləliklə, tarix ərzində əhalisinin çoxluğu və ərazisinin genişliyi, müxtəlif iqlimlərə sahib olması sayəsində texnologiya lideri olan Çin, ixtiraların əsası təcrübələrdən sınaqlara keçdiyi vaxtdan etibarən gerilədi, Avropa isə sürətli inkişafa başladı.

Tuesday, August 2, 2016

Qəbələdə cəmi 2 otel var imiş (!)

Son günlərdə sosial şəbəkələrdə çox savadsızca və heç bir məntiqə uyğun olmayan bir yazı ilə rastlaşıram, "Kürdəmirə Qəbələdən çox turist gəlib".

Məqalənin iddiası budur ki, Qəbələyə 1 ildə cəmi 23 min turist gəlib və "2015-ci ildə Qəbələdə mehmanxaları seçən turistlərin içərisində 1 nəfər də olsun əcnəbi olmayıb." Həmçinin, Kürdəmirdəki turizm məkanlarının gəlirləri 1.3 milyon AZN olduğu halda Qəbələdə cəmi gəlir 300.000 AZN civarında olub.

Gəlin hesablayaq görək bu nə dərəcədə realdır.

Mən keçən il Qəbələdə 4 gün qalmışdım, adi otellərin birində. Otel hardasa 40-50 nəfərlik olardı. Və adam başına bir sutkalıq qalmaq üçün 50 AZN tələb olunurdu. Otelin isə demək olar ki, bütün yay boyu əksər nömrələri dolu olur. Əlavə olaraq da hər gün bir neçə saatlıq istirahət üçün 50-100 arası adam gəlirdi və təxmini 15-20 AZN xərcləyirdilər.

Tutaq ki, otelə qış boyunca heç kəs gəlməsə, təkcə 90 gün yay ərzində oteldə hər gün 25 nəfər olsa, və 50 AZN xaricində heç bir ödəniş etməsələr, 90 gün üçün bu 112500 AZN edir. Əlavə olaraq hər gün 50 nəfər hərəsi 10 AZN xərcləsə bu da 45000 AZN. Demək ki mənim qaldığım otelin illik gəliri ən az 157500 AZN olubmuş. Hələ mən nömrələrdə qalanların otel daxili xərcləmələrini nəzərə almıram.

Belə çıxır ki, ya Qəbələdə cəmi 2-3 otel var, ya da bu xəbəri yayan şəxs ağzına gələni danışır.

Təbii ki, burada gizlədilən statistikanın rolu da istisna edilmir, amma istənilən halda "iqtisadçı-ekspertin" belə danışması düzgün deyil. Daha əvvəl də dediyim kimi, iqtisadçı kağız üzərində yazılanı yox, real olanı analiz etməlidir.

Xarici turist məsələsinə qaldıqda isə, bu 4 gün ərzində məhz həmin oteldə 10a yaxın fars, 1-2 də avropalı görmüşdüm. Və otel işçilərinə "Qəbələdə o qədər otel var, bura niyə gəliblər ki görəsən?" sualı veriləndə, "Yaxşı otellərdə bütün nömrələr dolu olur" cavabını vermişdilər.

Azərbaycanda turizm tənqid edilməsi mütləq olan sahələrdəndir. Əsasən də qiymət bahalığına görə. Amma tənqid edəcəyəm deyib özünü gülünc vəziyyətə salmaq lazım deyil. 

© Müzəffər Abasov, 02.08.2016


Saturday, January 30, 2016

Azərbaycansayağı iqtisadiyyat

Bizə iqtisadiyyatı öyrədənlər demişdilər ki, iqtisadiyyat bir çox elmlərdən ideyalarınızı, fərziyyə və nəzəriyyələrinizi təcrübədən keçirmək üçün bir laboratoriyaya sahib olmamasıyla fərqlənir. Bir fərziyyənin doğru olub olmamasını yalnızca zaman və real həyatda olacaq nəticələr göstərə bilər. Bu isə çox risklidir.

Bazarda qiyməti görünməz əllər idarə edir, inflasiya qısa müddətli dövrdə işsizliyi azaldır, qiymət düşəndə tələb artır və s., bilirik. Bunlar dünya "laboratoriyası"nda sınaqdan keçmiş anlayışlardır. Bəs Azərbaycanda necə? Bütün dünyada müşahidə olunan iqtisadi qanunlar bizim ölkəmizdə də eynidir mi? Yoxsa hər şey kimi onu da özümüzə uyğunlaşdırmışıq, kəlləmayallaq etmişik? Misallara baxaq.


Sual belədir, böhran və ya durğunluq zamanı nə etməli?

İqtisad elmi deyir ki, dövlətin iqtisadiyyata qismən müdaxilə etdiyi iqtisadiyyatlarda durğunluq və ya böhran şəraitində olarkən genişləndirici (ekspansionar) siyasət həyata keçirilməlidir. Biz nə edirik? Daraldıcı siyasət. Məsələn:

1. Vergi siyasəti. Yuxarı vergi dolu büdcə demək deyil.
Durğunluq zamanı iqtisadiyyatı canlandırmaq üçün dövlət fiskal siyasətində dəyişiklik edir, vergiləri azaldır və güzəştlər tətbiq edir. Bununla da durğunluq zamanı kasıblamış və ya zərər edən sahibkarların vəziyyəti qismən yüngülləşir, həmçinin bazara yeni girmək istəyən sahibkarlar üçün stimul yaranır.

Azərbaycan sahibkarlara stimul vermək üçün bəzi tədbirlər həyata keçirdi, amma büdcəni doldurmaq xatirinə mənim fikrimcə böyük bir səhv etdi. Uzun illərdir neft gəlirlərinin böyük olması səbəbilə büdcə dolur, kiçik, orta və hətta bir çox iri sahibkarlar qanunsuz yollarla vergidən yayınmasına göz yumulurdu. İndi isə dövlət neft gəlirlərinin azalması ilə büdcədə yaranan boşluğu bağlamaq üçün sahibkarlara təzyiq göstərməyə, bu vaxta qədər göz yumduğu bəzi işlərin üstünü açmağa başladı. Nəticə? Onsuz da böhranda zəifləmiş sahibkar indi üstəlik vergi də verməlidir. Çarəni isə biznesdən çəkilməkdə tapır. Bu qərarları qəbul edənlərin anlamadıqları odur ki, sahibkar əgər mənfəət əldə edə biləcəksə, var olacaq və vergi verəcək. Bizim iqtisadi siyasət prinsiplərimiz real həyata yox, məktəb riyaziyyatına əsaslanır. "10 sahibkarın hərəsindən 10 manat vergi alsaq, edir 100 manat. Onda hərəsindən 50 manat vergi alaq 500 manat olsun." Kaş ki, "onda vergi 8 manat olsun, əlavə 5 sahibkar da gəlsin, etsin 120 manat" fikrində olardılar.

2. İnflasiya, qiymət artımı və bənzər məsələlər. İnflasiya düşmən deyil, dostdur.
İnflasiya, yəni qiymət artımı həddini aşmadıqda sahibkarlara stimul verir, onları biznesdə qalmağa, əlavə işçilər götürməyə, hətta yeni sahibkarların bazara daxil olmasına təkan verir. İstehsal artır, işsizlik azalır. Sözsüz ki, qısa müddət də olsa insanlar hər şeyi qismən baha qiymətə almalı olur, amma hər şeyin qiyməti qalxıbsa, demək bir müddət sonra əmək haqqları da qalxacaq, narahat olmağa səbəb yoxdur.

Amma həmən bu inflasiya bizim xalqımızın yaralı yeridir, həmişə hər şeyi "dədələrinin qiymətinə" satırlar, "pulun bərəkəti də qalmayıb", bəli, "şirvanın şirvan vaxtında" bu pula filan qədər ərzaq düşürdü. Amma insanlar təbii olaraq, inkişafın, uzunmüddətli dövrdə rifahın yaxşılaşmasının səbəbinin normasında olan inflasiya olduğunu bilmirlər. Bəs bilməli olanlar, bu işin əhli olan şəxslər də bilmir?

Neft qiymətləri düşür, manatımız dəyərini itirir, kasıbladığımızı, hər şeyin baha olacağını, amma eyni zamanda da yerli istehsalın artacağını bilirik, gec də olsa qeyri-neft sektorunun inkişafına ümidimiz yaranır. Amma dövlət nə edir? Sahibkarlara qiymət artımı etməmələri üçün şiddətli təzyiq göstərir. Razıyam, bizim sahibkarlar dünyanın ən rasional və yalnızca özlərini düşünən, ən azından bunun belə olduğuna inanan sahibkarlardır. Bu sahibkarlar 1990-cı il, Qanlı Yanvar gecəsinin səhəri çörəyin (çörəyin!!!) qiymətini 10 dəfəyə qədər qaldıran sahibkarlardır, gecə qırğından sonra bütün şəhəri heç bir qarşılıq ummadan al qərənfilə qərq edən saf qəlbli, irrasionallıqlarının (insanlıqlarının) qurbanı olub elə o illərdə itib batan sahibkarlar deyil bunlar. Amma istənilən halda bu süni (həqiqətən mi, süni?) qiymət artımnın qarşısını almaq hansısa broyler işçilərini həbs etmək olmamalıydı, qətiyyən. Onsuz da özümüzün istehsal etdiyimiz nadir məhsullardan biridi bu broyler toyuqları.

Bəs sahibkarlar nə edə bilərlər? Yaxşı tutaq ki. qiyməti artırmadılar. Bəs axı onsuz da 5-10% marjası olan yazıq mağaza sahibi indi devalvasiyanın da təsiriylə zərər edəcək. Məcbur olub vitrinlərini boş saxlayır. Onda da gəlib deyirlər ki, "sən süni şəkildə mal qıtlığı yaradırsan". Yenə son çarə biznesdən çəkilməkdir.

3. Qiymətlər. Aşağı qiymət az gəlir demək deyil. 
Məhsulunun yüksək keyfiyyəti və brendləriylə bazarda söz sahibi ola bilməyən ölkələr qiymət fatoruyla rəqabət qabiliyyəti əldə edirlər. Gürcüstan və Türkiyə buna gözəl misal ola bilər, xüsusən də turizm sektorunda olan uğurları.

Birinci devalvasiyanı edəndə dedik ki, ölkəmizin ixrac potensialını artırmaq məqsədi ilə edirik. Yaxşı, bəs turizm də bir ixrac deyil mi? Biz isə deyirik ki, devalvasiya nəticəsində turizm obyektlərinin qiyməti qalxsa, "bu bizə sərf edir". Əl yandıran otel qiymətlərinin aşağı salınması üçün bir tədbir görmürük. Axı biz illərdir ölkəmizin gözəlliklər diyarı olduğunu iddia edirik, xarici futbol klublarına sponsor oluruq, varlıq səbəbi mübahisə mövzusu olan idman yarışları keçiririk, bütün dünyaya "cənnət görmək istəyən Azərbaycana gəlsin" deyirik. Bizdəki bu qiymətləri görən potensial turist nə deyib gəlsin axı? Nəticə, turist sayı artmaq əvəzinə azalır, qoyulan investisiya hədər gedir.


Yekun.
Hər işdə, hər sahədə olduğu kimi biz iqtisadiyyatda da fərqliyik, amma yaxşı istiqamətdə yox. Buna bir çox səbəblər tapmaq olar. Amma xalq, insanlar və dünya səbəblərlə yox, nəticələrlə maraqlanır. Yuxarıda çəkdiyim misalların 3ü də iqtisadiyyatda normativ (olmalı olan) və pozitiv (reallıq) adlandırılan iki anlayışın arasında olan ziddiyətdən yaranıb. Kütlə bunu bilməyə bilər, amma iqtisadçılar və ən əsası da dövlət bunu bilməlidir. Normativləri yox, pozitivləri əsas götürməlidir.




30 Yanvar 2016, Müzəffər Abasov