Yadınızdadırsa, fevral ayında Mərkəzi Bank gözlənilməz kəskin devalvasiya qərarı verdikdən sonra bir müddət hamı, mediadan dövlət nümayəndələrinə, iqtisadçılardan adi vətəndaşlara qədər hamı bu mövzunu müzakirə edirdi. "Vızıltı" müddəti bitdikdən sonra isə ("After the buzz") demək olar ki, hər şey unuduldu. İndi isə mən Azərbaycanda devalvasiyadan bu yana baş verənlər - devalvasiyanın real nəticələri barədə yazacağam.
Devalvasiya səbəbi ilə ölkədə kəskin qiymət artımı yaşanacağı barədə proqnozlar özünü doğrultmadı. Yalnızca birbaşa xaricdən son istifadəçi üçün hazır olaraq gələn əmtəələrin (mobil telefonlar, dərmanlar və s.) qiyməti devalvasiyanın faizinə uyğun olaraq artdı. Azərbaycanın idxaldan asılılığını və yerli istehsalın aşağı səviyyədə olmasını nəzərə aldıqda yüksək inflasiya qaçılmaz idi. Dövlətin vəziyyətə müdaxiləsi ilkin mərhələdə süni qiymət artımının qarşısını çox böyük ölçüdə aldı. İstənilən halda, bu il üçün hazırki 3.7%lik illik inflasiya (Qrafik 1) və 5.83%lik illik ərzaq inflasiyası (Qrafik 2) (İyul, 2015) son 3 ilin ən yüksək göstəriciləridir.
Qrafik 1. İnflasiya |
Qrafik 2. Ərzaq inflasiyası |
Digər bir səbəb isə, Azərbaycanın əmtəə idxal etdiyi ölkələrdən bəzilərinin də devalvasiyaya getməsi oldu.
Bəs bu nə dərəcədə müsbət bir hal kimi qiymətləndirilə bilər? Azərbaycan neftin qiymətindəki kəskin düşüşdən sonra həm büdcə kəsirini daha az xərclə bağlamaq, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatını xammal asılılığından qurtarmaq üçün kəskin devalvasiyaya getdi. Nəzəri olaraq, devalvasiya ölkədəki xarici məhsulun qiymətini artırmalı, idxal baha başa gəlməli, ixraca stimul yaranmalı, insanlar yerli məhsul istehsal və istehlak etməyə üz tutmalı və beləcə iqtisadiyyat şaxələnməli, idxaldan asılılıq azalmalı idi. Hal-hazırki şəraitdə isə bu saydıqlarımın heç biri mümkün görünmür, qiymətlər artmadı, idxal baha başa gəlmir, qonşu ölkələrə ixrac üçün əlavə stimul yaranmadı. Qısacası, inflasiya yoxdursa, inkişaf da yoxdur.
No comments:
Post a Comment