Tuesday, September 15, 2015

Devalvasiya - "Vızıltı"dan sonra

Bütün dünyada, bütün sahələrdə - istər gündəlik həyatda, istər biznesdə, istər dövlət idarəçiliyində - hər hansı dəyişiklik və ya yenilik qısa zaman intervalında hər kəs tərəfindən danışılır, bütün cəmiyyətin diqqətini cəlb edir, mövzu barədə informasiyası olan, olmayan hər kəs "nəsə bilir", proqnozlar, şərhlər verir, cürbəcür məntiqli və ya məntiqsiz şaiyələr yayılır. Bu zaman intervalında baş verənlər "buzz", bizim dildə desək, "vızıltı" adlandırılır.

Yadınızdadırsa, fevral ayında Mərkəzi Bank gözlənilməz kəskin devalvasiya qərarı verdikdən sonra bir müddət hamı, mediadan dövlət nümayəndələrinə, iqtisadçılardan adi vətəndaşlara qədər hamı bu mövzunu müzakirə edirdi. "Vızıltı" müddəti bitdikdən sonra isə ("After the buzz") demək olar ki, hər şey unuduldu. İndi isə mən Azərbaycanda devalvasiyadan bu yana baş verənlər - devalvasiyanın real nəticələri barədə yazacağam.

Devalvasiya səbəbi ilə ölkədə kəskin qiymət artımı yaşanacağı barədə proqnozlar özünü doğrultmadı. Yalnızca birbaşa xaricdən son istifadəçi üçün hazır olaraq gələn əmtəələrin (mobil telefonlar, dərmanlar və s.) qiyməti devalvasiyanın faizinə uyğun olaraq artdı. Azərbaycanın idxaldan asılılığını və yerli istehsalın aşağı səviyyədə olmasını nəzərə aldıqda yüksək inflasiya qaçılmaz idi. Dövlətin vəziyyətə müdaxiləsi ilkin mərhələdə süni qiymət artımının qarşısını çox böyük ölçüdə aldı. İstənilən halda, bu il üçün hazırki 3.7%lik illik inflasiya (Qrafik 1) və 5.83%lik illik ərzaq inflasiyası (Qrafik 2) (İyul, 2015) son 3 ilin ən yüksək göstəriciləridir.

Qrafik 1. İnflasiya
Qrafik 2. Ərzaq inflasiyası
Gözlənilənin əksinə, xüsusən ərzaq məhsullarında, qiymət artımının baş verməməsinin əsas səbəbi isə dünyada ərzaq məhsullarının qiymətindəki eniş oldu. Məsələn, ötən ilin avqust ayında 198.3 olan FAO (Ərzaq və Kənd Təsərrüfatı) indeksi bu ilin avqust ayında 155.7 səviyyəsinə qədər enib. (~21%) Bu isə o deməkdir ki, idxal olunan məhsulların qiymətlərindəki eniş devalvasiya sonrasında sahibkarlara çox böyük itki yaşamadan qiymətləri sabit saxlamağa və ya cüzi artırmağa imkan verib.

Digər bir səbəb isə, Azərbaycanın əmtəə idxal etdiyi ölkələrdən bəzilərinin də devalvasiyaya getməsi oldu.

Bəs bu nə dərəcədə müsbət bir hal kimi qiymətləndirilə bilər? Azərbaycan neftin qiymətindəki kəskin düşüşdən sonra həm büdcə kəsirini daha az xərclə bağlamaq, həm də  uzunmüddətli dövrdə ölkə iqtisadiyyatını xammal asılılığından qurtarmaq üçün kəskin devalvasiyaya getdi. Nəzəri olaraq, devalvasiya ölkədəki xarici məhsulun qiymətini artırmalı, idxal baha başa gəlməli, ixraca stimul yaranmalı, insanlar yerli məhsul istehsal və istehlak etməyə üz tutmalı və beləcə iqtisadiyyat şaxələnməli, idxaldan asılılıq azalmalı idi. Hal-hazırki şəraitdə isə bu saydıqlarımın heç biri mümkün görünmür, qiymətlər artmadı, idxal baha başa gəlmir, qonşu ölkələrə ixrac üçün əlavə stimul yaranmadı. Qısacası, inflasiya yoxdursa, inkişaf da yoxdur.

Sunday, July 26, 2015

Makroiqtisadi Multiplikatorlar

Multiplikator nədir?
Makroiqtisadiyyatda multiplikator bir dəyişənin (tutaq ki, Y) kənar bir dəyişəndə (tutaq ki, X) olan artma və azalmalara hansı dərəcədə qarşılıq verdiyini göstərən əmsaldır. Başqa sözlə, X dəyişəninin a vahid dəyişməsi ilə Y dəyişəni Mxa vahid dəyişirsə, burada M multiplikator sayılır.

Makroiqtisadi multiplikatorların 2 ən çox bilinən növü var. Bunlar "Pul multiplikatoru" və "Fiskal multiplikator"dur.

Pul multiplikatoru nədir?
Bu suala cavab vermək üçün əvvəlcə kommersiya banklarının necə "pul yaratdığını" başa düşmək lazımdır. Banklar fiziki və hüquqi şəxslərin pulunu depozit olaraq qəbul edirlər və təbii ki, bu pulu öz kassalarında saxlamır və digər fiziki və hüquqi şəxslərə kredit şəklində verirlər.  Əgər bir kommersiya bankı qəbul etdiyi depozitin hamısını kredit şəklində versə və bu zaman depozit sahibləri də öz pullarını geri tələb etsələr, bank iflasa uğrayacaq. Bunun qarşısının alınması üçün banklar öz kassalarında və ya Mərkəzi Bankda Mərkəzi Bank tərəfindən müəyyən edilmiş "Məcburi Ehtiyat" saxlayırlar. Məcburi Ehtiyat norması faizlə göstərilir və kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin Mərkəzi Bankda məcburi saxlanılan hissəsidir. (Link

Tutaq ki, bir ölkədə Məcburi Ehtiyat norması 20% təşkil edir. Bu o deməkdir ki, bank qəbul etdiyi bütün depozitlərin 20%ni ehtiyat olaraq saxlamalıdır. Məsələn, X adlı şəxs A adlı banka 1000 dollar depozit yatırır. A bankı 200 dollar ehtiyat saxlayaraq qalan 800 dolları Y adlı şəxsə kredit şəklində verir. X-in hələ də 1000 dolları var, amma artıq Y-in də 800 dolları var, hansı ki, bu 800 dollar kredit verilənədək mövcud deyildi. Beləcə A bankı iqtisadiyyatdakı pul kütləsini 800 dollar artırmış oldu. Y adlı şəxsə verilən 800 dollar müəyyən bir vaxt ərzində iqtisadiyyatda dövr edib B bankına depozit olaraq daxil olur. Öz növbəsində B bankı da bu 800 dolların 20%-ni (160 dollar) ehtiyat saxlayaraq qalan 640 dolları Z adlı şəxsə kredit şəklində verir və iqtisadiyyatda yenə də "heç nə"dən 640 manat pul yaranmış olur. Eyni proses təkrarlanır və ilkin 1000 dollar pul sonsuz sayda kommersiya bankına depozit olaraq daxil olur və müəyyən bir hissəsi saxlanmaqla kredit şəklində bankı tərk edir. İlkin 1000 dolların 20% məcburi ehtiyat norması olduğu halda yarada biləcəyi maksimal məbləğ isə özü də daxil olmaqla 5000 dollardır. Başqa sözlə, ilkin 1000 dollar depozit iqtisadiyyatdakı pul kütləsini "heç nə"dən 4000 dollar artıra bilər.

$5000/$1000 = 5 isə sözü gedən iqtisadiyyatdakı PUL MULTİPLİKATORUdur. Yəni haqqında danışılan iqtisadiyyatda banka qoyulan depozitlər özlərinin 5 qatı qədər pul yaratmaq potensialına malikdirlər. Pul multiplikatoru 1/(Məcburi Ehtiyat norması) düsturu ilə hesablanır. Yəni bizim nümunəmizdə     1/20% = 1/0.2 = 5

Azərbaycanda Məcburi Ehtiyat norması 2015-ci ilin mart ayında verilən qərara əsasən 0.5% təşkil edir. Yəni, ölkəmiz üçün pul multiplikatorunun hesablanması bu cür olacaq: 1/0.5% = 1/0.005 = 200
Başqa sözlə bu gün sizin banka qoyduğunuz 1000 manat uzun bir dövr ərzində iqtisadiyyatda 200 min manata çevrilə bilər. 

Məcburi Ehtiyat norması və pul multiplikatoru həmçinin Milli Bankın ən çox istifadə etdiyi 3 pul siyasəti alətindən biridir. (Digər ikisi Açıq Bazar Əməliyyatları və Uçot dərəcəsi) Milli Bank iqtisadiyyata təkan vermək istədikdə Məcburi Ehtiyat normasını azaldıraq pul multiplikatorunun yüksəlməsinə səbəb olur və bankların kredit vermə qabiliyyəti artmış olur. İqtisadiyyatı sakitləşdirmək istədikdə isə, əksinə. 



Fiskal Multiplikator nədir?
Dövlət illik Ümumi Daxili məhsulun həcmini və ümumilikdə iqtisadiyyatı nəzarətdə saxlamaq üçün vergi faizlərində və dövlət xərcləmələrinin miqdarında mütəmadi dəyişikliklər edir. Bu dəyişikliklərin iqtisadiyyatda və ÜDM-də öz əksini necə tapmasını Fiskal Multiplikator müəyyən edir. Fiskal multiplikatorun bir növü isə dövlət xərclərinin dəyişməsinin Ümumi Daxili Məhsulun həcminə təsir gücünü göstərir

Aydın məsələdir ki, istər hüquqi istərsə də fiziki şəxslər öz gəlirlərinin hamısını xərcləmirlər. Müəyyən bir hissəsi "yığım" (qənaət) olaraq saxlanır, qalanı isə "istehlak"a yönəlir. Ümumi gəlirin yığıma ayrılan hissəsi "Yığıma Son Meyillilik" (YSM) (Marginal Propensity to Save), istehlaka ayrılan hissəsi isə "İstehlaka Son Meyillilik" (İSM) (Marginal Propensity to Consume) adlanır. YSM və İSM hər bir ölkə üçün ortalama olaraq faizlə müəyyən olunur.

Tutaq ki, bir ölkədə YSM 20%-dir. Bu o deməkdir ki, hər bir hüquqi və fiziki şəxs öz gəlirlərinin 20%-ni saxlayır, 80%-ni xərcləyir. Misalı davam edək. Tutaq ki, dövlət öz xərclərini 1.000.000 dollar artırmaq qərarına gəldi və A adlı inşaat şirkəti ilə körpü tikintisi üçün razılaşma əldə etdi. Nəzərdə tutulan 1 milyon dolları şirkətin hesabına köçürdü. Beləcə ölkənin ÜDM-i 1.000.000 dollar artmış oldu. Şirkət bu məbləğin 20%-ni, yəni 200.000 dolları yığım olaraq saxlayıb, qalan 800.000 dollarla B adlı cihaz istehsal edən şirkərdən tikinti qurğuları aldı. ÜDM daha 800.000 dollar artdı. B adlı şirkət də öz növbəsində 800.000 dolların 20%-ni, yəni 160.000 dolları saxlayaraq qalan 640.000 dolları yeni şirkət binası almaq üçün C adlı şirkətə ödədi, ÜDM 640.000 dollar artdı. Bu, beləcə sonsuz sayda təkrarlanır. YSM-in 20% olması halında dövlət xərclərində olan  milyon dollarlıq artım ÜDM-də öz əksini 5.000.000 dollar şəklində tapmaq potensialına sahibdir. Yəni, bu nümunədə FİSKAL MULTİPLİKATOR $5.000.000/$1.000.000 = 5 olacaq. Fiskal Multiplikator 1/YSM və yaxud 1/(1-İSM) düsturları ilə hesablanır. Yəni, YSM 5% olarsa multiplikator 20, 10% olarsa multiplikator 10, nümunəmizdə olduğu kimi 20% olarsa multiplikator 5 olacaq.

Tuesday, February 24, 2015

Manatın devalvasiyası haqqında

Postsovet ölkələri 20-ci əsrin 90cı illərində müstəqillik əldə etsələrdə, iqtisadi cəhətdən hələ də Rusiyadan asılıdı vəziyyətdədirlər, Azərbaycan da daxil olmaqla. İstər  idxal istərsə də ixrac baxımından Azərbaycanın Rusiyadan müəyyən bir səviyyədə asılılığı var. Regionda hegemonluğu olan bir dövlətin ( həmçinin iqtisadi hegemonluq) iqtisadiyyatında baş verən "çalxalanma" əlbəttə ki, Azərbaycana da təsir etməlidir. Rusiya ölkənin əsas ixrac bazarı olduğu üçün rus rublu devalvasiyaya məruz qalarkən , manatın dəyər itirməməsi Azərbaycan məhsullarının Rusiya bazarında baha qiymətə satılmasına səbəb olur.  Təkcə bu səbəbdən ( rus rublu dollar qarşısında devalvasiya olarkən, manatın sabit qalması) ötən ilin 3cü və 4cü rübləri arasında ixracın 33% azalmasına səbəb olmuşdur. Onsuz da ixracda qeyri-neft sektoru cəmi 5% faiz təşkil edirdisə, bu proseslər nəticəsində bu rəqəm bir qədər də azalmağa doğru gedirdi. və bunlara cavab olaraq və ya onların dili ilə desək "ölkə iqtisadiyyatını şaxələndirmək üçün" devalvasiya məcburi bir addım idi.
 Digər tərəfdən   hökumətin bu ilki planına əsasən Neft Fondundan 15 milyard dollar xərcləmə nəzərdə tutulur. Ancaq neftin barreli 50 dollara bərabər olduğu halda fondun gəlirlər ötən ilki rəqəmdən (16.3 milyard) dəfələrlə aşağı olacaq (4.7 milyard)  (Mənbə:Qubad İbadoğlu,Tipik-İqtisadçı Ekspert) Onsuz da gəlirinin bir hissəsindən məhrum olmuş dövlət, manatın məzənnəsini stabil saxlamaq üçün istifadə etdiyi "xərclərdən" də xilas olmalı idi. (  belə ki , ötən ilin dekabr ayında Mərkəzi Bank manatın dəyərini qorumaq üçün rezervin 8 faizini yəni 1.2 milyard dollar pul xərcləyib)

Manatın devalvasiyası nəzəriyyə baxımından ixracı artırmalıdır,necə ki Türkiyə və Çin öz valyutalarını devalvasiya edərək ixraclarını artırıblar. İxrac bizdə artacaq mı bu əsas sualdır

Amma dəqiq olan bir şey var, istər qida məhsulları istərsə də elektrotexnika, iynədən təyyarəyədək hər şeyi idxal edən bir ölkə üçün devalvasiya etmək çox təhlükəlidir. Qiymət bahalaşması və ya proqnoz edilən inflyasiya dərəcəsi üstəgəl süni qiymət artımı, yanvar ayından qüvvəyə minən yeni vergilər həmçinin artırılan vergilər bütün bunların qarışığının nə verəcəyi çox maraqlıdır. Proqnoz etmək çətindir, Azərbaycan iqtisadiyyatı üçünsə demək olar ki, mümkün deyil, Özünüz düşünün gecə yatırsız, səhər duranda valyuta 34% devalvasiya edib :)

Saturday, February 21, 2015

1 AZN = 78 sm^2 kağız parçası

Milli Bankın idarə heyətinin bu gün verdiyi qərara əsasən 21.02.2015 tarixi üçün 1 USD = 1.05 AZN müəyyən olunub. Hadisəyə verilən açıqlamada deyilənə görə isə "bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib."

Bir neçə gün əvvəl milli bank sədrinin "manatın devalvasiyası siyasəti tədricən aparılacaq" deməsi isə sadəcə insanları aldatmaq və manatı dollara dəyişməsinin qarşısını almaq məqsədi daşıyırmış.

Xarici borcu nəzərə çarpacaq qədər çox olmayan bir dövlət üçün belə kəskin dəyişiklik çox da zərər verməyəcək kimi görünür. Amma istənilən halda ölkədəki istehlak məhsullarının böyük hissəsi idxal hesabına təmin olunur. Geyimdən tərəvəzə, meyvədən texnologiyaya. İxrac etdiyimiz isə yalnızca neft və qaz məhsullarıdır. Deməli, ciddi inflyasiya təhlükəsi ilə qarşı qarşıyayıq. Məsələn dünənə qədər xaricdən 100 dollar dəyərində məhsul idxal edən şəxsə bu 78 manata başa gəlirdisə, bu gündən sonra 105 manata başa gələcək. Bu hər nə qədər qısamüddətli dövrdə iqtisadiyyatın inkişafına təkan verəcəksə də əhali üçün vəziyyət heç də yaxşı görünmür. Təbii ki əmək haqqı səviyyəsi artırılıb bazarda balans yaradılana qədər.

Bəs AMB sədrinin devalvasiyanın kəskin olmayacağı barədə yalanını yox sayıb "inslyasiya 5-7% olacaq" sözünə inansaq necə? Belə olsa, qarşımızdakı illər ərzində ölkədə istehsal olunan məhsulların xaricə axını baş verəcək. Belə bir misalla fikrimi izah edim, tutaq ki, Azərbaycanda 100 manat xərc çəkilən məhsul əvvəl həm yerli həm də xarici bazarda 150 manata (və ya 190 dollara) satılırdısa, indi bu rəqəmlər başqa cür olacaq. Xərc 105-107 manat, yerli bazar qiyməti 157-160 manat (149-152 dollar), xarici bazar qiyməti isə 200 manat (190 dollar). Bazarda yerli məhsul tapmaq çətinləşəcək. Qısacası AMB sədri bu dəfə yalan demirsə, indidən "İran kartofu"na, "Türkiyə kökü"nə öyrəşsək yaxşı olar.

21.02.2015

Friday, February 20, 2015

Leontief Paradoksu

Heckscher-Ohlin teoreminə görə, bir ölkə hansısa istehsal amilinə görə üstünlüyü varsa, istehsalda həmin amildən daha çox istifadə etdiyinə görə mütləq və ya müqayisəli üstünlüyə malik olar. Hər hansı məhsulu daha ucuza istehsal etdiyindən həmin sahə üzrə ixtisaslaşar və ixtisaslaşdığı sahə üzrə məhsul ixrac edər, digərlərini isə idxal edər. Bu nəzəriyyədə məntiqi cəhətdən heç bir səhv yoxdur.
Ancaq Leontiefin ABŞ-ın xarici ticarəti ilə bağlı araşdırması tam fərqli nəticələri ortaya çıxardı. Belə ki, Leontief ABŞ-ın bütün xarici ticarətini təhlil edərək idxalda və ixracda mühüm rola malik olan məhsullara xərclənən əmək və kapitalı hesabladı Alınan nəticə isə ABŞ-ın daha çox əmək tələb edən malları ixrac etdiyini, kapital yönümlü malları isə idxal etdiyi məlum oldu, amma həmin araşdırmanın həyata keçirildiyi vaxtlarda ABŞ dünyada ən zəngin kapitala malik olan ölkə idi( yəni həm müqayisəli həm də mütləq üstünlüyə sahib idi) və Heckscher-Ohlin teoreminə görə kapital yönümlü malları ixrac etməli idi ( amma etmirdi tam əksi) və bu hadisəyə iqtisadiyyatda Leontief paradoksu deyilir.

Monday, February 16, 2015

The Effect of Oil Price to AZN until the Change of Monetary Policy

As we know Azerbaijan was pegging its currency to United States dollar until these days. It meant that no matter what happens AZN will be in the same level of exchange rate against dollar. (~ 1 dollar = 0.78 AZN) So how oil price decline can affect AZN?

If we look at the rates of last years we can see that the value of US dollar is negatively related to the oil price. Because USA is the biggest buyer of oil in the world market and when oil prices get high USA’s supply of dollar increases and dollar loses value. But when oil price gets lower the supply of dollar decreases and dollar appreciates. As Azerbaijan was pegging its currency to dollar when USD gains value AZN also appreciates at the same time. So if we look at the chart below (EUR per 1 AZN, from XE.com) we can see that AZN appreciated against Euro in a significant level as the oil prices declined.

So it becomes clear that until today’s change in monetary policy of Azerbaijan AZN was negatively related with the oil price. But starting from today the effect of oil prices to our currency will be different as Azerbaijan now pegs AZN to a basket of USD and Euro.

16.02.2015