Saturday, November 24, 2018

Riski nə qədər sevdiyinizi bilirsinizmi?

Gəlin bir oyun oynayaq və sizə kim olduğunuzu deyim.

Təsəvvür edin ki, dostunuz sizə bir lotoreya bileti hədiyyə edib. Sizdən başqa bu biletdən yalnızca iki nəfərdə var. Üçünüzdən biri püşklə böyük mükafatı, 1500 AZN-i əldə edəcək. Püşkə dəqiqələr qalıb, həyəcan ən üst həddədir. Bu an qarşınıza çıxıram və sizə bir təklif edirəm: "Biletinizi mənə satın."

Biletinizi mənə neçəyə satarsınız? 


Yaxşı düşünün. Qalib olsanız 1500 AZN əldə edəcəksiniz. Amma püşkdən bir qəpiksiz ayrılma ehtimalınız da az deyil: 66.7%. Yəni burada 3 ehtimal var, 0 AZN, 0 AZN və 1500 AZN. Sadə bir hesablama ilə deyə bilərik ki, püşkün nəticəsi olaraq sizin əldə edəcəyiniz gözlənən dəyər 500 AZN-dir. 

Təklifimə qarşılıq bir qiymət düşündünüz mü? 100 AZN? 400 AZN? 500 AZN? 700 AZN? Nə qədər istəyirsiniz?

Cavabınıza əsasən siz necə birisiniz?

Əgər ağlınızdakı minimum məbləğ 500 AZN-dirsə, demək ki, siz riskə qarşı neytral (risk-neutral) bir insansınız. 500 AZN-dən aşağıdırsa, siz riskdən qaçan (risk-averse), 500 AZN-dən yuxarıdırsa, onda siz risk sevən (risk-lover) bir şəxssiniz. 

İnsanların risklərə qarşı olan münasibəti hər situasiya üçün eynidir mi? Məsələn, təsəvvür edin ki, təhsil haqqınızı ödəməyə pulunuz yoxdur və sizə 1200 AZN lazımdır. Eyni ssenari təkrarlansa, bu dəfə bileti neçəyə satmağa razı olardınız? 1000 manat təklif etsəm, yəqin ki rədd edərdiniz. Çünki sizin üçün bu halda 1200 AZN-dən aşağı olan hər hansı məbləğin əhəmiyyəti yoxdur. 

Başqa bir ssenari yoxlayaq. Mükafat məbləği 1 milyard dollar, iştirakçı sayı 10 nəfər, qalib gəlmə ehtimalınız 10%, yəni gözlənilən dəyər 100 milyon dollar olsun. Bu zaman bileti neçəyə satmağa razı olardınız? Düşünün.

Sizi bilmirəm, amma mən bu bileti 1 milyon dollara da satmağa razı olardım. Demək ki, insanın riskə olan münasibətini təyin edən tək şeyin onun xarakteri, risk alma meyli deyil, həm də riskə atılan məbləğin həcmi, mövcud gəlir səviyyəsi, qalib gəlmə ehtimalı, ehtiyac duyulan məbləğ və s. faktorlardır. 

Bəs riskə olan münasibətin iqtisadiyyatda rolu nədir?
İnsanlar - yəni biz iqtisadiyyatın subyektləriyik. Bazarın hansı istiqamətə yönələcəyini təyin edən əsas faktor bizim verdiyimiz qərarlardır.

Maliyyə bazarlarında insanların investisiya qərarlarının əsasını onların riskə olan münasibəti təşkil edir. Əgər bir investor gözlənilən gəliri 10% olan bir səhm yerinə gözlənilən gəliri 5% olan səhmi seçirsə bunun səbəbi böyük ehtimal ki, 5% gəlir vəd edən səhmin daha az riskli olmasıdır.

Bu gün Azərbaycan bankları dollarla olan depozitləri manatla olan depozitlərdən qat-qat aşağı faizlə qəbul edirsə, bunun da səbəbi manatın daha riskli olmasıdır. Avropada banklar Azərbaycan banklarından çox daha aşağı faizlə kredit verirsə bunun da səbəbi Azərbaycan bazarının daha riskli olmasıdır. Daha yüksək faiz vəd edən, amma batma ehtimalı olan bankla daha aşağı faiz vəd edən, amma etibarlı bank arasında seçim etmək sizin riskə nə qədər meyilli olmağınızdan birbaşa asılıdır.

İqtisadiyyatda baş verən proseslərin təməlində duran bu məsələ heç də təsadüfi və əsassız deyil. İnsanların riskə yanaşmasının arxasınca ciddi riyazi əsaslar dayanır. Bu mövzuya daha sonra yenidən qayıdacağıq, bu dəfə daha riyazi.

Saturday, November 10, 2018

Borc igidin qamçısıdır. Bəs ölkələrin necə?


Mediada, sosial şəbəkələrdə tez-tez müzakirə edilən mövzulardan biri ölkələrin xarici borcudur. Əvvəlcə xarici borc nədir, onu aydınlaşdıraq. Xarici borc bir ölkənin xarici borc verənlərə - banklara, dövlətlərə, qurumlara və s. olan cəmi borcudur. Bu borc dövlət, şirkətlər və vətəndaşlar tərəfindən götürülmüş ola bilər. Onu da deyim ki, Azərbaycanın elə də ciddi xarici borcu yoxdur. 9.6 milyard ABŞ dolları xarici borc individual olaraq baxanda əlbəttə ki, nəhəng rəqəmdir. Amma nəzərə almaq lazımdır ki, bu göstərici ölkə ÜDM-nin cəmi 22%-i qədərdir. Bəs həqiqətən mi xarici borcun az olması müsbət göstəricidir? Borc azdırsa, hər şey qaydasındadır mı?

Dar çərçivədə yaxınlaşdıqda borclu olmağın yaxşı bir şey olmadığı düşünülə bilər. Lakin, tutaq ki, mənim 1 milyon manat borcum var və bu pulla biznes qurmuşam. Heç borcu olmayan, amma biznesi də olmayan şəxsin vəziyyəti mi daha yaxşıdır, yoxsa mənim?

Aşağıdakı xəritəyə baxaq. Xəritə dünya ölkələrinin xarici borcunun Ümumi Daxili Məhsuluna olan nisbətini göstərir. Göy rəngin tünd çalarları xarici borcu ÜDM-nə nisbətən çox olan ölkələri göstərir. Diqqətinizi çəkən nədir? Bir neçə istisnanı çıxmaq şərti ilə, xarici borcu çox olan ölkələr əksərən Avropa, Şimali Amerika ölkələri və s., yəni inkişaf etmiş ölkələrdir.


Vəziyyətin bir qədər daha aydın olması üçün, aşağıdakı qrafikə nəzər salmaqda fayda var. Qrafikin ordinatında (vertikal xətt üzrə) İnsan İnkişafı İndeksi, absisində (horizontal xətt üzrə) isə xarici borcun ÜDM-ə nisbəti yerləşdirilib. Qrafik barədə danışmağa keçmədən onu qeyd edim ki, İnsan İnkişafı İndeksi (HDI) bir ölkədə insanların ortalama yaşama müddəti, təhsil müddəti və gəlir səviyyəsini nəzərə alaraq hesablanan bir indeksdir. Göstəricisi 0-la 1 arasında dəyişir, 1-ə yaxın göstəricilər yaxşı hesab edilir.


Hesablamalar göstərir ki, xarici borcun ÜDM-ə nisbəti ilə HDI arasında 50%-lik müsbət korrelasiya var.
Göründüyü kimi qrafik qırmızı xəttlərlə 4 hissəyə bölünüb. 1 – HDI 0.7-dən kiçik, xarici borc ÜDM-dən az. 2 – HDI 0.7-dən böyük, xarici borc ÜDM-dən az. 3 – HDI 0.7-dən böyük, xarici borc ÜDM-dən çox. 4 – HDI 0.7-dən kiçik, xarici borc ÜDM-dən böyük.

1-ci bölgədə olan ölkələr adətən kasıb və inkişaf etməmiş ölkələrdir. Onların xarici borcu da yox səviyyəsindədir. Türklər demiş, “fakir, ama gururlu”.

Azərbaycanın da daxil olduğu 2-ci bölgədə olan ölkələr orta və yüksək gəlirli, inkişaf etməkdə olan və inkişaf etmiş, amma xarici borcu aşağı olan ölkələrdir. Bu ölkələrin bir qismi (neft ölkələri) təbii resurslardan gələn pul hesabına rezerv yığır, xarici borclanmadan isə uzaq dururlar.

3-cü bölgədə olan ölkələr də orta və yüksək gəlirli, inkişafda olan və inkişaf etmiş ölkələrdir. Lakin, onların xarici borcu da çoxdur. Bu bölgədə olan ölkələrin mövcudluğu onu göstərir ki, əslində inkişaf etmiş və yüksək gəlirli ölkə olmaq üçün xarici borcun yüksək olması hər hansı maneə təşkil etmir. Hər zaman həsəd apardığımız Kanada, İsveç, Norveç, Avstriya, Finlandiya, İsveçrə, Almaniya, Fransa, Böyük Britaniya, Danimarka, Yaponiya kimi ölkələr bu kateqoriyaya aiddir. Bəli, bəli.

4-cü bölgədə olan ölkələr kasıb, inkişaf etməmiş, amma xarici borcu da çox olan ölkələrdir. Yəni, əslində olmalıdır. Lakin demək olar ki, dünyada çox kasıb, amma yüksək xarici borclu ölkə bir neçə istisna ölkəni çıxmaq şərti ilə, yoxdur. Yəni, xarici borcu yüksək olan ölkələr əksərən inkişaf etmiş ölkələrdir.

Doğrudur, xarici borcla bağlı çox ciddi bir məsələ də siyasi və iqtisadi asılılığın yaranmasıdır. Ölkələrin xarici borcu çox yüksək olduqda qarşı tərəf bunu rahatlıqla istifadə edərək təzyiq göstərə bilir. Məsələn bu gün hər hansı ölkənin Azərbaycana qarşı belə bir imkanı yoxdur. Çünki faktiki olaraq ölkənin Mərkəzi Bankda və Dövlət Neft Fondunda olan ehtiyatları xarici borcun 4 qatına yaxındır.

Borclanmanın aşağı olması təbii ki, pis deyil. Lakin, düzgün idarə edilən borc bir ölkənin kürəyində iz salan yox, əlində silah olan qamçıya çevrilə bilər.