Mediada, sosial
şəbəkələrdə tez-tez müzakirə edilən mövzulardan biri ölkələrin xarici borcudur.
Əvvəlcə xarici borc nədir, onu aydınlaşdıraq. Xarici borc bir ölkənin xarici
borc verənlərə - banklara, dövlətlərə, qurumlara və s. olan cəmi borcudur. Bu
borc dövlət, şirkətlər və vətəndaşlar tərəfindən götürülmüş ola bilər. Onu da
deyim ki, Azərbaycanın elə də ciddi xarici borcu yoxdur. 9.6 milyard ABŞ
dolları xarici borc individual olaraq baxanda əlbəttə ki, nəhəng rəqəmdir. Amma
nəzərə almaq lazımdır ki, bu göstərici ölkə ÜDM-nin cəmi 22%-i qədərdir. Bəs
həqiqətən mi xarici borcun az olması müsbət göstəricidir? Borc azdırsa, hər şey
qaydasındadır mı?
Dar çərçivədə
yaxınlaşdıqda borclu olmağın yaxşı bir şey olmadığı düşünülə bilər. Lakin,
tutaq ki, mənim 1 milyon manat borcum var və bu pulla biznes qurmuşam. Heç
borcu olmayan, amma biznesi də olmayan şəxsin vəziyyəti mi daha yaxşıdır, yoxsa
mənim?
Aşağıdakı xəritəyə baxaq. Xəritə dünya ölkələrinin xarici borcunun Ümumi Daxili Məhsuluna olan nisbətini göstərir. Göy rəngin tünd çalarları xarici borcu ÜDM-nə nisbətən çox olan ölkələri göstərir. Diqqətinizi çəkən nədir? Bir neçə istisnanı çıxmaq şərti ilə, xarici borcu çox olan ölkələr əksərən Avropa, Şimali Amerika ölkələri və s., yəni inkişaf etmiş ölkələrdir.
Vəziyyətin bir qədər daha aydın olması üçün,
aşağıdakı qrafikə nəzər salmaqda fayda var. Qrafikin ordinatında (vertikal xətt
üzrə) İnsan İnkişafı İndeksi, absisində (horizontal xətt üzrə) isə xarici
borcun ÜDM-ə nisbəti yerləşdirilib. Qrafik barədə danışmağa keçmədən onu qeyd
edim ki, İnsan İnkişafı İndeksi (HDI) bir ölkədə insanların ortalama yaşama
müddəti, təhsil müddəti və gəlir səviyyəsini nəzərə alaraq hesablanan bir
indeksdir. Göstəricisi 0-la 1 arasında dəyişir, 1-ə yaxın göstəricilər yaxşı
hesab edilir.
Hesablamalar göstərir ki, xarici borcun ÜDM-ə
nisbəti ilə HDI arasında 50%-lik müsbət korrelasiya var.
Göründüyü kimi qrafik qırmızı xəttlərlə 4
hissəyə bölünüb. 1 – HDI 0.7-dən kiçik, xarici borc ÜDM-dən az. 2 – HDI 0.7-dən
böyük, xarici borc ÜDM-dən az. 3 – HDI 0.7-dən böyük, xarici borc ÜDM-dən çox.
4 – HDI 0.7-dən kiçik, xarici borc ÜDM-dən böyük.
1-ci bölgədə olan ölkələr adətən kasıb və
inkişaf etməmiş ölkələrdir. Onların xarici borcu da yox səviyyəsindədir. Türklər
demiş, “fakir, ama gururlu”.
Azərbaycanın da daxil olduğu 2-ci bölgədə olan
ölkələr orta və yüksək gəlirli, inkişaf etməkdə olan və inkişaf etmiş, amma
xarici borcu aşağı olan ölkələrdir. Bu ölkələrin bir qismi (neft ölkələri) təbii
resurslardan gələn pul hesabına rezerv yığır, xarici borclanmadan isə uzaq
dururlar.
3-cü bölgədə olan ölkələr də orta və yüksək
gəlirli, inkişafda olan və inkişaf etmiş ölkələrdir. Lakin, onların xarici
borcu da çoxdur. Bu bölgədə olan ölkələrin mövcudluğu onu göstərir ki, əslində
inkişaf etmiş və yüksək gəlirli ölkə olmaq üçün xarici borcun yüksək olması hər
hansı maneə təşkil etmir. Hər zaman həsəd apardığımız Kanada, İsveç, Norveç,
Avstriya, Finlandiya, İsveçrə, Almaniya, Fransa, Böyük Britaniya, Danimarka,
Yaponiya kimi ölkələr bu kateqoriyaya aiddir. Bəli, bəli.
4-cü bölgədə olan ölkələr kasıb, inkişaf
etməmiş, amma xarici borcu da çox olan ölkələrdir. Yəni, əslində olmalıdır.
Lakin demək olar ki, dünyada çox kasıb, amma yüksək xarici borclu ölkə bir neçə
istisna ölkəni çıxmaq şərti ilə, yoxdur. Yəni, xarici borcu yüksək olan ölkələr
əksərən inkişaf etmiş ölkələrdir.
Doğrudur, xarici borcla bağlı çox ciddi bir
məsələ də siyasi və iqtisadi asılılığın yaranmasıdır. Ölkələrin xarici borcu
çox yüksək olduqda qarşı tərəf bunu rahatlıqla istifadə edərək təzyiq göstərə
bilir. Məsələn bu gün hər hansı ölkənin Azərbaycana qarşı belə bir imkanı
yoxdur. Çünki faktiki olaraq ölkənin Mərkəzi Bankda və Dövlət Neft Fondunda
olan ehtiyatları xarici borcun 4 qatına yaxındır.
Borclanmanın aşağı olması təbii ki, pis deyil.
Lakin, düzgün idarə edilən borc bir ölkənin kürəyində iz salan yox, əlində
silah olan qamçıya çevrilə bilər.
No comments:
Post a Comment