Süni qiymət artımı nə qədər sünidir, düşünmüsünüz mü?
Niyəsə Azərbaycanda hər dəfə əmək haqqı qalxanda və ya manat dəyərdən düşəndə dövlət rəsmiləri və bir sıra iqtisadçılar bir "süni qiymət artımı" davasına başlayır. Əslində isə iqtisadiyyatda süni, yəni iqtisadi qanunlarla əsaslandırıla bilməyən qiymət artımı deyə bir şey mümkün deyil.
Ölkədəki gəlirlərin cəmi istehsal edilən məhsulların cəminə bərabər olmalıdır. Ona görə də siz istehsal həcmini artırmadan cəmi gəliri nominal olaraq artırdıqda bazarda qiymətlər artmalıdır. Bu süni qiymət artımı deyil, bu tam olaraq təbii qiymət artımdır.
Devalvasiya zamanı isə valyuta dəyərini itirdiyi üçün idxal məhsulları baha başa gəlir və bu yerli istehsal məhsullarının da qiymətini artmasına səbəb olur.
Ola bilər siz düşünürsünüz ki, qiymətdə olan artım puldakı dəyər azalmasından və ya əmək haqqındakı artımdan daha çoxdur. Amma bu da süni şəkildə yox, satıcıların əlinə keçən qiymət artırma imkanının nəticəsidir və iqtisadi olaraq əsaslandırıla bilər.
Məsələn, monopolistik bazarda az sayda satıcı və çox alıcı olduğu üçün satıcılar müəyyən həddə qədər istədiyi qiyməti qoya bilər, amma bu o demək deyil ki, kartof monopolisti kartofun kilosunu 5 min dollara sata bilər. O zaman insanlar kartof almaqdan imtina edəcək və satıcı məcbur olub qiyməti endirəcək. Amma devalvasiya vaxtı kartof satıcısı qiyməti 1 manatdan 3 manata qaldırır və alıcılar hələ də almağa davam edirsə, bu bazarın satıcı üçün yaratdığı şəraitdir, həqiqi qiymət artımıdır.
Əgər devalvasiya monopolistik yox, monopsonik (az alıcı, çox satıcı olan) bazarda baş versə, o zaman satıcılar qiymətdə yalnızca cüzi qiymət artımı edə biləcəklər və artan xərcləri öz mənfəətləri hesabına qarşılayacaqlar.
No comments:
Post a Comment